Misir, Səudiyyə Ərəbistanı, Livan, İraq, İordaniya, Əlcəzair, Suriya mətbuatında ərəb ölkələrində yaşayan Azərbaycan icmasının Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu tikməsini kəskin şəkildə pislədiyinə dair bəyanatla çıxış etdiyi ilə bağlı məlumat yayımlanıb.
Newscenter.az xəbər verir ki, Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun təşkilatçılığı ilə Azərbaycan icmasının adından yayılan bəyanatda bildirilib ki, soydaşlarımız bu hadisəni Ermənistanın regionda onsuz da qeyri-sabit ekoloji vəziyyəti gərginləşdirmək niyyətinin bariz sübutu kimi qiymətləndirir.
Qeyd edilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi ərəb ölkələrində yaşayan Azərbaycan icmasının dərin narahatlığına səbəb olub.
Mövcud reallıq Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Nəzərə çatdırılıb ki, həmin müddəalara əsasən, Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.
Ermənistanın mütəmadi olaraq beynəlxalq və ekoloji hüquq normalarını pozduğu bir daha xatırladılıb. Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına bir müddət öncə Azərbaycanın nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar diqqətə çatdırılıb.
Soydaşlarımız beynəlxalq ictimaiyyəti öz qanunsuz əməlləri ilə Azərbaycanın və regionun ekoloji mühiti üçün təhlükə yaratmaqla məşğul olan Ermənistana güclü təzyiq göstərməyə çağırıb.
Anar Əliyev