İqtisadiyyat Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil edilən “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələrinə və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Amil Əlili qeyd edib ki, Azərbaycanda ulu öndərin əziz xatirəsi daim böyük ehtiram və minnətdarlıqla yad edilir. Heydər Əliyevin tarixi xidmətləri cəmiyyət və dövlət həyatının bütün əsas sahələrini əhatə etməklə, olduqca önəmli, ibrətamiz və gələcək nəsillərə örnəkdir. Ümummilli Liderin irsinin dərindən araşdırılması və cəmiyyətə, eləcə də dünyaya çatdırılması gənc nəslin vətənpərvər və milli ruhda böyüməsində, Azərbaycan dövlətçiliyinin dünyada təbliğində mühüm rola malikdir. Bu baxımdan, medianın rolu xüsusi əhəmiyyət kəsb edir. Bunu müsabiqədə KİV nümayəndələrinin göstərdiyi fəallıq da əyani sübut edir. Müsabiqəyə təqdim edilən materiallarda Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlf yönlərdən təhlili, faktların dolğun sadalanması, materialların zəngin məzmun təşkil etməsi ilk növbədə, Heydər Əliyevə olan sevgidən irəli gəlir.
Amil Əlili müsabiqədə iştirak edən hər bir jurnalistə təşəkkürünü bildirib və qalibləri təbrik edib. Müsabiqə qalibləri hədiyyələrlə mükafatlandırılıb.
R.Mehdiyeva