23 iyun ölkə rəhbəri, cənab Prezident İlham Əliyev növbəti "Komando" tipli hərbi hissəyə baxış keçirib və şəxsi heyətə döyüş bayrağını təqdim edib. Dövlət başçımız hərbiçilər önündə çıxışı zamanı ordu quruculuğu və Azərbaycan-Ermənistan münasibətləri kimi aktual mövzulara toxunaraq ölkəmizin hələ də regionda hərbi və siyasi balansı öz lehinə saxladığını vurğulayıb. Ən müasir hərbi avadanlıqların, uzaqdan hədəfi dəqiqliklə vuran strateji önəmə sahib raket sistemlərinin alındığını və yenilərinin də ölkəyə gətiriləcəyini vurğulayan prezident, Ermənistan və onun havadarlarına ciddi siyasi mesaj ünvanlamış oldu.
Newscenter.az-ın xəbərinə görə, dövlət başçısının sözügedən tədbirdə iştirakı və çıxışı zamanı söylədiyi fikirlərə diqqət çəkən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, hərbi əməliyyatlar zamanı silahlı qüvvələrimizin zəngin döyüş təcrübəsi qazanması müharibədən sonra ordu quruculuğu istiqamətində yeni reallıqlar formalaşdırdı:
"Ölkəmizdə sovet imperiyasının bir üzvü, şərq blokunun bir fərdi kimi sovet hərbi doktrinasından təsirlənən bir ordu sistemi qurulmuşdu və bununla paralel olaraq Qərb, NATO hərbi blokunun bir parçası olan Türkiyə ordusunun əsasında xüsusi təyinatlı birliklər də formalaşdırılmışdı. Yəni bir-birindən fərqli, hər iki istiqamətdə hərbi qulluqçular hazırlanırdı. Müharibə əsnasında xüsusi təyinatlı qüvvələrin peşəkarlıq səviyyəsinin yüksək olması döyüş meydanında həlledici rol oynadı və bu fakt ölkə başçısı başda olmaqla ordu rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi. Təsadüfi deyil ki, cənab prezident çıxışları zamanı indiki Azərbaycan ordusunun üç il öncə qələbə qazanmış ordudan çox üstün olduğunu qeyd edərək Türkiyə ordusu modelində yeni tipli hərbi birliklərin formalaşdırılması prosesinin inamla irəlilədiyini vurğulayır. Bu isə bizə onu deməyə əsas verir ki, Azərbaycan ordusu tədricən peşəkar ordu sisteminə keçir".
AVP rəsmisi deyib ki, NATO modelinin tətbiqi təkcə hərbi qulluqçuların hazırlıq prosesinə yenilik gətirmir:
"Bununla yanaşı NATO standartlarına uyğun hərbi avadanlıqlarında alınması prosesi sürətlə davam edir. Bir müddət öncə Müdafiə Nazirliyi ilə İtaliyanın Leonardo şirkəti arasında "C-27 J Spartan" hərbi nəqliyyat təyyarələrinin alınması barasində müqavilənin imzalanması silahlı qüvvələrimizin logistik imkanlarını böyük ölçüdə artırmasına xidmət edəcək. Xatırlatmaqda fayda var ki, bir neçə il öncə dövlət başçısı İlaham Əliyevin İtaliyaya səfəri zamanı eyni şirkətdən "M 436" təlim döyüş təyyarəsinin alınması istiqamətində də razılıq əldə olunmuşdu. Təbii ki bütün bu sadalanan faktlar aysberqin görünən tərəfini təşkil edir və mən əminəm ki, Azərbaycan ordusu daha müasir və dağıdıcı gücə malik silahlara sahibdir".
Anar Əliyev