"Bu gün Rusiyada baş verənlər sözsüz ki, hərbi qiyamdır və bu qiyam gözlənilən idi. Çünki, Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsinə nəzər salsaq, görərik ki, son zamanlar istədikləri nəticələri əldə edə bilməyən Rusiya ordusunun daxilində ikitirəlik baş verir. Bu da özlüyündə vahid komandanlıq sisteminə öz təsirini göstərir".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Rusiyada baş verən son proseslərə münasibət bildirərkən səsləndirib. O bildirib ki, belə olan halda ordunun başında duranların çəkişmələri sürətlə ordunun aşağı təbəqələrinə, yəni zabit və əsgərlərə öz mənfi təsirini göstərir:
"Hazırda baş verənlər yuxarıda qeyd etdiyim səbəblərdən qaynaqlanır və görünən odur ki, orduda hərbi disiplin pozulub və hərə bir tərəfə çəkir və bütün bunlar bizə onu deməyə əsas verir ki, Rusiya yaxın vaxtlarda Ukraynaya qarşı apardığı müharibədən məğlub ayrılacaq".
Çingiz Şahbazi qeyd edib ki, Vaqnerin rəhbəri Priqojinin başlatdığı hərbi qiyam həmçinin siyasi məqsədlərə xidmət edir və arxasında böyük güclərin olması istisna deyil:
"Hadisələrin necə cərəyan etməsi hələki tam məlum olmasa da, ehtimallara görə demək olar ki, qiyam ölkədə vətəndaş müharibəsindən xəbər verir. Çünki bu hadisələr Ukraynanın hesabı kimi qəbul edilməlidir. Bu baxımdan Rusiyanı qarşıda çox çətin dönəmlər gözləyir demək olar".
Anar Əliyev