Hələ müharibənin ilk günlərindən verilən proqnozlar özünü doğruldur. Rusiyada daxili mübarizə başlayır. Əslində Vaqner silahlı qruplaşmasının Baxmutdan geri çəkilməsi bu qarşıdurmanın tezliklə baş verəcəyi ehtimalını daha da artırmışdı. Gözlənildiyi kimi də oldu. Hazırda Rusiya demək olar ki, iki cəbhədə müharibə aparır. Biri Ukraynada, digəri daxildə Vaqnerə qarşı.
Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev də bu qənaətdədir. O bildirib ki, Ukrayna bataqlığında çırpınan çirkli Rusiya Priqojin tərəfindən təşkil edilən üsyan nəticəsində süqut etməyə çox yaxındır:
"Bunun əsas səbəbi kimi rus ordusunda bir dəfə döyüş görməyən, ordudan xəbəri olmayan Soyqunun müdafiə naziri vəzifəsində uzun müddət qalmasını, rəhbər və yaltaq generalların acgöz xidmət tərzini, masaj salonunun işçiləri səviyyəsində olan katibələrin və səriştəsiz gizirlərin qısa müddətdə general rütbəsi alması, siyasi rəhbərliyin idarəetmə orqanları arasında mövcud münaqişələri və intriqaları aradan qaldıra bilməməsini, rus ordusunda istənilən problemin rüşvətlə həll edilməsini və s. göstərə bilərik".
Ədalət Verdiyev deyib ki, hazırda Moskvanın giriş çıxışları bağlıdır:
"Vaqner kompaniyasının şəhərə daxil olmasinin qarşısını almaq üçün Ukraynadan qüvvələr çıxarılır. Bu isə Ukraynanın əks hücumları üçün münbit şərait yaradır".
Anar Əliyev