Keçən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak investisiyaları üzrə gəlirliliyi 9,2% olub.
Newscenter.az-a Fonddan daxil olan məlumatda bildirilib ki, artan faiz dərəcələri, müəyyən daşınmaz əmlak növlərinə tələbin azalması və ümumi istehlakçı əminliyində geriləməyə baxmayaraq, dayanıqlı və bazar tələblərinə uyğun əmlak növlərinə marağın artması və investisiyalardan sabit pul axınının davam etməsi yüksək diversifikasiya olunmuş portfelimizdə müsbət gəlirliliyə səbəb olub.
Qeyd edək ki, ARDNF daşınmaz əmlak investisiyalarını 10 il əvvəl öz portfelinə daxil edib. Daşınmaz əmlak investisiyaları portfelin diversifikasiyası və inflyasiyaya qarşı mühüm müdafiə vasitəsi rolunu oynayır.
Məlumat üçün bildirək ki, Fondun daşınmaz əmlak portfeli uzunmüddətli sabit pul vəsaitləri axınını təmin etməklə 3,1 milyard dolları dəyərindədir. Bu, ARDNF-nin ümumi portfel dəyərinin 6,2%-ni təşkil edir və növbəti illərdə bu payın 10%-dək çatması hədəflənir. Daşınmaz əmlak investisiyaları yarandığı ildən bəri 6,8% illik gəlirlilik olmaqla, ümumi 1,3 milyard ABŞ dolları qazanc əldə edib.
Natiq Orucov