İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başladı. Ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloiji hazırlığının daha da yüksəldilməsi istiqamətində dünyanın aparıcı dövlətlərinin də təcrübələrindən bəhrələnilir. Ordumuz indi Türkiyə modeli əsasında formalaşmaqdadır.
Vətən mühribəsində Xüsusi Təyinatlı qüvvələr böyük şücaətlər göstərdi. Neçə-neçə məsuliyyətli hərbi əməliyyatı məhz bu qoşun qismi yerinə yetirdi.
Azərbaycan ordusunda yeni qoşun növü olan Komando Qüvvələri yaradılır ki, bu da Silahlı Qüvvələrin qüdrətinin yüksəldilməsini təmin edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il iyunun 23-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında bu mühüm proses haqqında da danışdı.
Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər müşahidə edilir. Bununla bir sırada Ermənistanda revanşist qüvvələr də fəaliyyətini açıq müstəviyə keçirmək niyyətindədir. Bunları nəzərə alındığına görə Ordumuzun daha da gücləndirilməsi dövlət üçün ən başlıca vəzifələrdən biridir. Dövlətimiz bunu müxtəlif üsul və vasitələrlə yerinə yetirir.
Azərbaycan Ordusunda silahlanma prosesi silahlanmaya yeni növ silahların, uçuş aparatlarının, atıcı silahların daxil edilməsi ilə davam etdirilir. Bu istiqamətdə bir sıra müqavilələr imzalanıb. Azərbaycana yeni pilotsuz uçuş aparatları, uzaqmənzilli raketlər gətirilir.
Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb, bu artım davam edir. Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin tərkibi xeyli genişlənib. Bu, ərazimizin daha etibarlı səviyyədə müdafiə, mühafizə edilməsini təmin edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir”.
Dünya ictimaiyyətinin artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda geniş quruculuq işləri getdiyini, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtdığını, Azərbaycanın Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə malik olduğunu da qeyd edən Azərbaycan Respublikasının Prezidenti qürurla bildirdi ki, biz indi Komando hərbi hissələrinə malikik.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışı bir əminliklə tarixləşdi: Azərbaycan Ordusu güclüdür, gücü, qüdrəti daha da artacaqdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı