“Təxribatlar Ermənistan silahlı qüvvələri üçün həmişə çox pis başa çatıb”.
Newscenter-az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı heç bir şansı yoxdur və onların yeganə imkanları xırda təxribatlardır:
“Biz Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin imkanlarını yüksək qiymətləndirmirik. Biz onların sayını, silahlarını, mənəvi-psixoloji durumlarının, nəyə qadir olduqlarını bilirik. Sizi əmin edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, onların Azərbaycan Ordusuna qarşı hansısa tədbir görmək şansları qətiyyən yoxdur. Hansısa kiçik təxribatlar ola bilər. Amma təxribatlar da onlar üçün həmişə çox pis başa çatır”.
Müdafiə naziri xatırladıb ki, 2020-ci il müharibəsindən sonra Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə təxminən 6 böyük əməliyyat keçirib, nəticədə Ermənistan ordusu həm canlı qüvvə, həm də texnika baxımından böyük itki verib və Azərbaycan strateji yüksəklikləri ələ keçirib.
General-polkovnik qeyd edib ki, belə strateji üstünlüyə malik olan Azərbaycan orada güclü atəş sistemi və güclü mühəndis strukturları yaradıb və bu da əməliyyat üstünlüklərinə malik olmağa imkan verir.(report)