Azərbaycan Həmrəylik Komitəsinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Qurban bayramı münasibətilə xalqımızı təbrik edib.
Newscenter.az xəbər verir ki. təbrikdə deyilir:
"Əziz soydaşlar!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə əsl bayram əhval-ruhiyyəsi və bol sevinc arzulayıram.
Həmrəylik, yardımlaşma və mənəvi paklıq rəmzi olan müqəddəs Qurban bayramı bizim üçün ona görə əzizdir ki, bu bayram bizə ulu babalarımızdan miras qalıb və dini bayram olmaqla bərabər, həm də milli bayramlarımızdan birinə çevrilib.
Əksər bayramlarımız kimi Qurban bayramı da özündə xeyirxahlıq, fədakarlıq, birlik və bərabərlik kimi mənəvi keyfiyyətləri ehtiva etməklə ilk növbədə həmrəyliyi təbliğ edən bayram kimi tanınır. Bu bayram hamımızı Vətənimiz naminə, milli-mənəvi dəyərlərimiz naminə, inancımız naminə, sevdiklərimiz naminə birliyə və fədakarlığa səsləyir.
Qurban bayramının mahiyyətində, mayasında dayanan ülvi amallar naminə özünü fəda etmək xüsusiyyəti bizim qəhrəmanlarımızın Şəhidlik anlayışı ilə üst-üstə düşdüyünə görə, bu bayramın xalqımızın qan yaddaşında özünəməxsus mövqeyi, üstünlüyü var. Ona görə də Qurban bayramında müstəqilliyimiz uğrunda, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş əziz şəhidlərimizi yad etmək, onlar üçün dua etmək bizim ümdə borcumuzdur. Bu gün Qarabağda, Şərqi Zəngəzurda, Laçın postunda dalğalanan Azərbaycan bayrağı naminə öz canından keçən hər bir şəhidimizin ruhu şad olsun!
Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi sayəsində, şəhidlərimizin və qazilərimizin böyük fədakarlığı sayəsində və Ordumuzun yenilməz rəşadəti sayəsində artıq üçüncü ildir ki, Qurban bayramı işğaldan azad olunmuş ərazilərimizdə də qeyd olunur. Zəngilana, Laçına köçən soydaşlarımız bu il bu müqəddəs bayramı öz ocaqlarında, öz dədə-baba yurdlarında qarşılayır. İndi Şuşa və Ağdam məscidlərinin minarələrindən bayram namazının azanları səslənir. Bəli, bütün bunlar həqiqətən də ilahi ədalətin öz yerini tutması, bərpası deməkdir. Uca Yaradanımıza həmd olsun!
Dəyərli həmvətənlər!
Yüksək mənəvi-əxlaqi xüsusiyyətləri təbliğ edən bu möhtəşəm Qurban bayramında Allahdan təvəqqe edirəm ki, kəsdiyiniz qurbanlar qəbul olunsun, dualarınız eşidilsin, xoş diləkləriniz gerçəkləşsin, evlərinizdə bayram ovqatı yaşansın. Bütün soydaşlarımıza - Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir insanımıza içdən gələn səmimi təbriklərimi çatdırıram. Qurban bayramınız mübarək olsun!
Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri"