Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – muğam sənətinin tədrisinə başlanıb.
Newscenter-az xəbər verir ki, Azərbaycan muğamının da təbliğ olunması məqsədilə həyata keçirilən kursda hazırda dünyanın müxtəlif ölkələrindən olan 26 tələbə dərs alır. Bu kursun müəllimi muğam ustası Fərəc Səiddir. Muğam sənətinə maraq çox böyük olduğundan gələcəkdə kursların sayının artırılması nəzərdə tutulub.
Yeni kurs iştirakçıları qarşısında çıxış edən cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətlər həyata keçirir. Bu baxımdan cəmiyyət muğam sənətini öyrənməklə bağlı çoxlu israrlı müraciətlər alanda bu layihəyə başlamaq qərarına gəlib.
Nəzərə çatdırıb ki, Azərbaycan dövləti milli musiqi mədəniyyətimizdə özünəməxsus yer tutan muğam sənətinə böyük dəyər verir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələr həyata keçirilir, 2008-ci ildə isə Azərbaycan muğamı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycanın muğam sənəti üzrə dünyada söz sahibi olduğunu vurğulayan sədr ölkəmizin görkəmli xanəndələrinin dünya muğam sənətinə misilsiz incilər bəxş etdiyini söyləyib.
Qeyd edək ki, tezliklə cəmiyyətin nəzdində xalça sənəti üzrə kurs da fəaliyyətə başlayacaq.
Hazırda cəmiyyətin nəzdindəki Azərbaycan dili və digər fənnlər üzrə kurslarda 55 müxtəlif millətin 500 dən çox tələbəsi ödənişsiz olaraq təhsil alır.
Ərəb mətbuatında cəmiyyətin muğam layihəsinə başlaması barədə məlumat geniş yayılıb.
Anar