Məlum olduğu kimi, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulmuş, nəticədə hərbi qulluqçumuz Əli Şükür oğlu Bəkirov yaralanmışdı.
Ordumuzun keçirdiyi “Qisas” kod adlı əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib.
Nə baş verir?
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə “fəaliyyət” göstərən separatçıların indiki məqamda təxribata yol verməsi təsadüfi deyil. Aydın məsələdir ki, qanunsuz hərbi birləşmələri təxribata rusiyalı sülhməramlıları təşviq edib. Məsələ ondadır ki, bu qüvvələr sülhməramlıların tam nəzarətində fəaliyyət göstərirlər. Onların bütün silah-sursat tədarükü də məhz sülhməramlılar tərəfindən təşkil edilir.
Rusiya Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının getməsindən və müsbət nəticələrin əldə edilməsindən narahatdır. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün əvvəl sülh sazişinin ilin sonundan daha tez imzalanmasının mümkünlüyünü bildirib. Oxşar optimist açıqlama Ermənistan parlamentinin sədri Alen Simonyandan da gəlib.
Buna görə də Kreml tərəflər arasında sülhün əldə edilməməsi üçün separatçılar və ya Ermənistan ordusunda Rusiyaya sadiq qüvvələr vasitəsilə təxribatlar təşkil edərək prosesi sabotaj etməyə çalışır.
Vaşinqton görüşü
Separatçıların Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəsçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün başladığı bir zamanda hərbçilərimizin atəş açması diqqət çəkir.
Görüşün başladığı gün separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil. Rusiya bu yolla sülh müqaviləsi istiqamətində ABŞ-ın dəstəyi ilə aparılan danışıqlara kölgə salmağa və neqativ abu-hava yaratmağa çalışır.
Məsələ ondadır ki, Kremlin hazırda başı Ukrayna müharibəsinə və daxili məsələlərə qarışıb. Belə olan təqdirdə Vaşinqtonda, ya da Brüsseldə baş verəcək görüşlərdə tərəflər sülh sazişini imzalamağa yaxınlaşacaq. Bu, Rusiya üçün məqbul deyil.
Son təxribatlar fonunda demək olar ki, Vaşinqton görüşündə ciddi nəsə əldə edilməyəcək.
Bakının cavab addımı
Mümkündür ki, Qarabağdakı qanunsuz hərbi birləşmələr yeni təxribatlara hazırlıqlar görür. Belə olarsa, sərt və adekvat cavab olacaq, qanunsuz birləşmələrin hərbi infrastrukturu məhv ediləcək.
Rəsmi Bakının təxribatlara cavab olaraq daha genişmiqyaslı əməliyyatlar keçirib Xocalını nəzarətə götürməsi də irəli sürülən versiyalardandır.
Turan Rzayev-politoloq