Fransada bir neçə gündür etiraz aksiyaları səngimir. Belə ki, 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.
Ümumiyyətlə, analoji hadisələr göstərir ki, Fransa Prezidenti Emmanuel Makron naşı siyasətçidir. Ölkə idarə etmək isə ümumiyyətlə onluq deyil. Əks halda, niyə vətəndaşlar hər fürsətdə Makrona yumurta, pomidor atsınlar?
Fransa liderinin təcrübəsiz siyasətçi olduğu artıq bütün dünyaya məlumdur. Ancaq son günlər baş verənlər göstərdi ki, o, vətəndaşlarına, onların üzləşdikləri problemlərə qarşı kifayət qədər laqeyddir. Hətta Fransa Prezidentində vicdan hissinin olmadığını desək, bəlkə də, yanılmarıq.
Məsələ ondadır ki, ölkədə aksiyaların davam etdiyi bir vaxtda o, həyat yoldaşı Bricit Makronla birlikdə Elton Conun Parisin məşhur "l’Accor Arena" konsert salonunda gözə dəyib. Bu barədə sosial şəbəkələrdə foto və videolar yayılıb. Ölkədə etiraz dalğasının gücləndiyi bir vaxtda dövlət başçısının konsertdə əylənməsi sosial şəbəkələrdə böyük əks-səda doğurub. “Heç nə onun vecinə deyil”, “O, indi hadisələrin mərkəzində olmaq əvəzinə əylənir”, “Küçələrdə vandallıq, soyğunçuluq baş alıb gedir, Makron isə əylənir” fikirləri sürətlə yayılmaqdadır. Ənənəvi media da Emmanuel Makronun və Bricit Makronun Elton Conun konsertində iştirakına geniş yer ayırıb. Mövzu ilə bağlı əksər məqalələrin başlığında 17 yaşlı Naelin öldürülməsi və Makronun konsertdə iştirakı paralel göstərilir.
E.Makron bu hərəkəti ilə özünü ifşa etmiş oldu. Birincisi, bu, onu göstərir ki, 17 yaşlı günahsız gəncin ölümü dövlət başçısını qətiyyən maraqlandırmır. Adətən normal ölkələrdə mərhumun ailəsinə başsağlığı verilir, müvafiq qurumların operativ tədbirlər görməsi barədə qərarlar qəbul edilir. Makron isə çal-çağırından qalmır.
İkincisi, baş verənlər təsdiqləyir ki, ölkəsinin taleyi, vətəndaşların təhlükəsizliyi onun üçün nəinki prioritet, heç 5-6-cı dərəcəli məsələ belə deyil. Öz ölkəsinin, vətəndaşlarının qayğısına qalmayan dövlət başçısından hansı siyasi liderliyi, ciddiliyi gözləmək olar?
Nəzərə almaq lazımdır ki, rəsmi Paris dünyada sülh və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biridir, Avropa İttifaqının fəaliyyətdə olan sədridir. Makron tez-tez proseslərə müdaxilə etməyə, bir növ “mən də buradayam” ritorikası ilə çıxış etməyə çalışır. Sual yaranır: öz ölkəsinin sabahı ilə maraqlanmayan, gələcək təhlükələrlə bağlı qabaqlayıcı addımlar atmaq əvəzinə konsertlərdə, bir az mübaliğə ilə desək, qanad çalıb oynayan dövlət başçısının dünyaya töhfə verə biləcəyini necə gözləmək olar?
“Üçdə alacağı yox, beşdə verəcəyi” misalının fransız dilinə necə tərcümə olunduğunu bilmirəm. Amma əminəm ki, E.Makron özünü məhz bu prinsipə uyğun aparır. Başqa sözlə desək, görünür, onun Araz aşığından, Kür topuğundandır.
BMT Fransadakı hadisələrə artıq reaksiya verib. Bildirilib ki, Fransanın hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb.
E.Makron baş verənlərdən dərs çıxarmalıdır. İstefa vermək, siyasətdən birdəfəlik getmək onun üçün daha yaxşıdır. Konsertlərə daha çox vaxt tapar, Fransa isə sözdə yox, həqiqətən sivil ölkəyə çevrilər.(report)