Bakı və Gəncədə növbəti güzəştli mənzillərin satışına start verilibFərman Qurbanlı
Bu gün Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçim prosesi başlayıb.
Newscenter.az xəbər verir ki, prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı qurumun təşkil etdiyi brifinqdə elan edib.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzil, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzil satışa çıxarılıb.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA sərəncamında olan mənzillərin əldə edilməsini “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyləri mövcuddur.
Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzillərin qiyməti – 33 222 manatdır,
1 otaqlı mənzillərin qiyməti – 33 687 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 53 580 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 70 642 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzillərin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 829 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 % endirim əldə edəcək.