Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənub zonası DYP-nin Masallıda xidmət göstərən əməkdaşlarının əlindən cana gəlib-ŞİKAYƏT

Cənub zonası DYP-nin Masallıda xidmət göstərən  əməkdaşlarının əlindən cana gəlib-ŞİKAYƏT


Azərbaycanda siyasi sabitliyin təmin olunması, vətəndaşların sərbəst və təhlükəsiz şəraitdə yaşamasında hüquq-mühafizə orqanları, əsasən də polisin xidmətləri əvəzsizdir. Məhz buna görədir ki, tam əminliklə “Mənim polisim məni qoruyur” deyə bilirik. Ancaq onu da etiraf etmək lazımdır ki, hər bir sahədə olduğu kimi, polis sistemində də xidməti və fəaliyyəti ilə dövlətə, onun qurumuna baş ucalığı gətirməkdən daha çox bu peşəyə ləkə gətirən, ona olan inamı itirən, cəmiyyət tərəfindən polisə qarşı mənfi rəyin formalaşmasına vəsilə olan əməkdaşlar, hətta rəhbər şəxslər var. Necə ki, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin Masallı rayonu ərazisində xidmət aparan əməkdaşları kimi.

Artıq neçənci dəfədir ki, Dövlət Yol Polisinin Masallı rayonu ərazisində xidmət həyata keçirən əməkdaşlarından redaksiyamıza şikayət daxil olur. Respublikanın cənub zonasına üz tutan vətəndaşlar Masallı rayonunun girişində DYP-nin əməkdaşlarının özbaşınalıqlarından cana doyduqlarını bildirirlər. Heç bir qayda pozuntusu törətməyən, sürət həddi aşmayan, təhlükəsiz kəmərindən istifadə edən sürücülər Masallı rayonunun girişində mütləq saxlanılır, onlara heç bir məntiqə sığmayan suallar verilir, sorğu-sual edilirlər. Elə “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı da DYP-nin Masallıda xidmət aparan əməkdaşlarından şikayətçidir.

İctimai Birlik sədri deyib ki, gün ərzində eyni avtomobil 10 dəfə həmin postdan hərəkət etsə belə hər dəfə mənasız yerə DYP əməkdaşları avtomobili saxlayıb sürücüyə mənasız, dəxli olmayan suallar verirlər:

“Şəxsən özümün qarşılaşdığım situasiyadır. Cənub zonasından olduğum üçün həftədə bir neçə dəfə rayonumuza getməli oluram. Hər dəfə gedəndə və qayıdanda Masallı postunda avtomobilimi saxlayır, mənasız, məsələyə dəxli olmayan suallar verərək insanın əsəblərini pozurlar. Mən cənab nazir Vilayət Eyvazova Sizin vasitənizlə müraciət edərək sual edərdim ki, DYP əməkdaşının sürücüdən, şəxsən mənim özümdən “hara gedirsiniz?”, “hansı rayona gedirsiniz?”, “yanınızdakı sərnişin kimdir?” və. s. kimi suallarla müraciət etməsi nə dərəcədə doğrudur və məntiqlidir? Yaxud, yol polisi əməkdaşına ərazidən hərəkət edən hər bir avtombilin yük yerinnin açılmasını tələb etmək, avtomobilin yük yeri və salonuna baxış keçirmək hüququ verilibmi? Əgər həmin regionda, yaxud ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilsə, bunu anlamaq olar və biz də həmin qaydalara uyğun olaraq polisin tələbini yerinə yetirməklə ümumi işə xeyir vermiş olarıq. Ancaq indiki halda, hansısa fövqəladə vəziyyət rejiminin olmadığı bir ərəfədə yol polisinin bu tələbləri insanları incitmək, vətəndaşda ümumən polisə qarşı mənfi rəy yaratmaqdan başqa bir şey deyil”.

Arzuman Muradlı deyib ki, DYP-nin Masallı rayonu ərazisində xidmət həyata keçirən əməkdaşlarının özbaşınalıqları cənub zonasına səfər edən yerli və xarici turistlər arasında da ciddi narazılıq yaradır:

“Hər kəsə məlumdur ki, cənub zonası özünün zəngin turizm potensialı, istirahət mərkəzləri ilə məşhurdur və turizm mövsümündə istər respublikanın ayrı-ayrı rayonlarından, istərsə də xarici ölkələrdən bura turistlər səfər edir. Lakin yol polisi əməkdaşlarının Masallıdakı özbaşınalıqları və insanları incitmələri turistləri də cana yığır və onlar yol polisinin qanunsuz əməllərindən bezərək bu bölgəyə səfər etməkdən imtina edirlər. Beləliklə, Dövlət Yol Polisinin Masallı rayonunda xidmət həyata keçirən əməkdaşlarının özbaşınalıqları turizm sektoruna da öz mənfi təsirini göstərir”.

Şikayətçi deyir ki, yol polisi əməkdaşlarının qanunsuz əməlləri yolda qəza vəziyyətinin yaranmasına, tıxacın meydana gəlməsinə səbəb olur:

“Təsəvvür edin ki, DYP əməkdaşları Masallı rayonunun girişindəki postda bəzən 15-20 avtomobili birdən saxlayırlar ki, bu da yolda sıxlığın yaranmasına, bəzi hallarda isə qəza vəziyyətinin meydana gəlməsinə səbəb olur. Əminəm ki, daxili işlər naziri Vilayət Eyvazov DYP-nin Masallı rayonu ərazisində xidmət həyata keçirən əməkdaşlarının özbaşınalıqlarının qarşısının alınması istiqamətində tezliklə əməli addımlar atacaq”.

Anar Əliyev
Xəbəri paylaş