"İsraillə HƏMAS arasında atəşkəslə bağlı razılaşmanın əldə edilməsi təqdirəlayiq hadisədir. Bu razılaşma günahsız insanların, xüsusilə, qadınların və uşaqların öldürülməsinin qarşısını alır. Amma bununla belə atəşkəsin davamlı olacağı inandırıcı görsənmir. Çünki nə HƏMAS başladığı hücumun nəticələrini əldə edib, nə də İsrail özü üçün potensial təhdid və təhlükə hesab etdiyi HƏMAS-ı zərərsizləşdirə bilib".
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli Qəzzada keçici atəşkəsin davamlı olub-olmayacağı barədə sualı cavablandırarkən səsləndirib.
O bildirib ki, hazırda dünyada regionlara nəzarət uğrunda savaş da bitməyib:
"Əksinə bu istiqamətdə münasibətlər getdikcə gərginləşməkdədir. İsrail-HƏMAS müharibəsi də dünyanın bölüşdürülməsi və nüfuz dairəsinin genişləndirilməsi uğrunda gedən gizli qarşıdurmanın açığa çıxan elementlərindən biridir. Çox güman ki, bu müharibə də o zaman başa çatacaq ki, super güclər öz aralarında razılaşma əldə etsinlər".
Mütəllim Rəhimli hesab edir ki, iİndiki halda isə bununla bağlı pozitiv təsir bağışlayan heç nə yoxdur:
"Problemin qorxulu tərəfi odur ki, İsrail-HƏMAS müharibəsinin uzanması ona qoşulanların sayını artıra bilər və bu real görünür. Həm də dünyanın müxtəlif bölgələrində münaqişələri tətikləyər. Bu isə 3-cü dünya müharibəsinə gətirib çıxarar".
Anar Əliyev