Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Varis yaşayır, varis yaşadır

Varis yaşayır, varis yaşadır


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, müasir Azərbaycan Azərbaycan Demokratik Respublikasının dövlətçilik varisidir...

XX əsrin əvəlləri Azərbaycanın dövlətçiliyində əhəmiyyətli dövr oldu. Milli-azadlıq hərəkatı 1918-ci ildə “Gülüstan” müqaviləsi ilə ikiyə bölünmüş Azərbaycanın dövlətçiliyinin Arazın bu tayında bərpa olunması ilə nəticələndi. Bunu istəməyən siyasi qüvvələr hərbiləşdirilsə də, hərbi qüvvələr siyasiləşdirilsə də zaman bu hərəkatı dayandıra bilmədi. 1918-ci il mayın 28-də Gürcüstanda – Tiflisdə (Tbilisidə) “İstiqlal Bəyannaməsi” imzalandı. Müstəqil dövlətin elan edilməsi haqqında Azərbaycan Milli Şurasının qərarı olan “İstiqlal Bəyannaməsi”ni Əhməd bəy Ağayev (rəis müavini), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Nəriman bəy Nərimanov və başqalarının imzaladığı bu tarixi sənəd mayın 30-da radio-teleqramla dünya dölətlərinə çatdırıldı. Bu teleqram dünyəvi siyasətin subyekti olan dövlətin varlığı sənədi kimi tarixləşdi.

“İstiqlal Bəyannaməsi”ndə yeni yaradılan dövlətin dövlətçilik xarakterinin – dövlət idarəçiliyi üçün xalq cümhuriyyəti formasının müəyyənləşdirildiyi, sərhədləri, dövlətin xalqa məxsusuluğu, vətəndaşların siyasi və milli hüquqlarına təminat verildiyi, azad yaşaması üçün zəruri şərait yaradılacağı, Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratdığı bildirilirdi.

O illərdə Azərbaycanın siyasi iradəsinə ciddi təsirlər də vardı. Bu təsirlərə və siyasi təhdidlərə görə Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana verməyə məcbur oldu, Azərbaycanın ərazisi xeyli azaldı.

Tarixən yaranan dövlət təkcə qonşu dövlətlərlə deyil, digər dövlətlərlə də siyasi, iqtisadi, mədəni əlaqələr qurub. Dünyanın siyasi xəritəsində boy göstərən Azərbaycan Demokratik Respublikası dünya dövlətləri ilə diplomatik münasibətlər yaratdı, bəziləri ilə səfirlik, bəziləri ilə nümayəndəlik səviyyəsində qurulan bu münasibətlər dünyəvi siyasətin subyekti olmağın təsdiqi idi. Rəsmiləşdirilən siyasi əlaqələr dövlətlərarası münasibətləri genişləndirirdi. Müxtəlif dövlətlərlə müqavilələr bağlanmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə böyük əhəmiyyətini, XX əsrin sonunda mənəvi və siyasi rolunu dövlətçiliyin şərtləri əsasında dəyərləndirən böyük tarixi şəxsiyyət Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz demokratik Azərbaycan dövlətini qururuq, buna görə xalqa borcluyuq. XX əsrin əvvəlləri ilə sonu arasında mənəvi-ruhi, xəlqi-milli bağlılıq olduğunu bildirən böyük tarixi şəxsiyyət demişdi ki, "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır". Milli bayramlar isə əbədiyyən qeyd olunur.

Şərqin ilk demokratik cümhuriyyətini süquta yetirən imperiyanın başçısı Məmməd Əmin Rəsulzadədən soruşub ki, "Bu, bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?". Qürurla, bir qədər də təəssüflə səslənən kəlmələr sonralar Azərbaycanın timsalında milli-azadlıq hərəkatının nə olduğunu aydınlaşdıran dövlətçilik tezisi kimi tarixləşdi: "Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz".

1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində əhəmiyyətli oldu. Xalq Cümhuriyyəti dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının açılması planlaşdırılmışdı. Ədliyyə sahəsinə xüsusi diqqət yetirilirdi. 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edildi. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olundu. 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilirdi, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilirdi. Bu hüquqi sənədin 32-ci maddəsində qeyd edilib ki, “Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır”. Konstitusiya hazırlananda bu maddə böyük sədaqətlə nəzərə alındı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, 100 illik yubileyləri ilə bağlı imzaladığı Sərəncamlar dövlətçilik tariximizə ehtiramın təzahürü kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məqamlara toxunaraq demişdi ki, bu il –2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib: "Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir".

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qürurla dediyi bu fikirlər Azərbaycan əsgərinin hərbi xidmətinin mənəvi davamıdır. Bu qürur qurucusu Heydər Əliyev olan müasir Azərbaycanın xələfi olan Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı olan qüruru da yaşadır...

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar oldu. Xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Azərbaycan Demokratik Rspublikasının dövlətçilik atributlarından olan üçrəngli bayraq ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

“Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” - Heydər Əliyev belə deyirdi..

İstiqlal bəyannaməsi abidəsi dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. 2007-ci mayın 25-də Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı da, çıxışı da böyük qürurla qarşılandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli oldu. Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinə həmişə ehtiram göstərilir. dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis olunması da bu ehtiramın təzahürüdür.

2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə deyib. Ölkə başçısı həm də deyib ki, “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi bu fikirlər Azərbaycan əsgərinin hərbi xidmətinin mənəvi davamıdır. Bu qürur qurucusu Heydər Əliyev olan müasir Azərbaycanın varisi olduğu Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı qüruru da yaşadır...

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Xəbəri paylaş