Qərbi Azərbaycanın Pəmbək mahalının Arçut kənd orta məktəbinin 100 illik yubiley tədbiri keçirilib.
Newscenter.az xəbər verir ki, "Arçut İcması”nın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Arçut İcmasının sədri Rəfayət İsmayılov açıb.
Ardınca "Şuşam” xor kamerasının ifasında Azərbaycan Respublikasının himni səslənib və "Baharlı yurdum” mahnısı ifa olunub.
Sonra şəhidlərin və məktəbin dünyasını dəyişmiş müəllim və şagirdlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Milli Lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin qəhrəmanlıq, məktəb, elm və təhsillə, qayıdış konsepsiyası ilə bağlıi çıxışlarından ibarət video-çarxa baxılıb, nitqləri dinlənilib.
Daha sonra məktəbin uzun müddət direktoru vəzifəsində işləmiş Əliyev Məhəmməd Abbas oğlu video-çarx vasitəsilə ilə tədbirə qoşularaq tədbir iştirakçılarına xeyir-dua verib.
Orta məktəbin qocaman müəllimlərindən və şagirdlərindən olan Yusif Qazıyev, Hacı Çəltikov, general İnayət Xəlilov, Arçut İcması "Ağsaqqallar Şurası”nın sədri Əflatun Məmmədov çıxış edərək xeyir-dua verərək məclisin əhəmiyyətindən danışıb.
Tədqiqatçı alim Yusif Qazıyevin "İrəvan xanlığı, Pəmbək Mahalı, Arçut kəndi” adlı kitabının təqdimatı keçirilib. Sözügedən kitab və tədqiqatçı alim Elşən Nəsibovun ARDIC Hərəkatımız adlanan kitabı qonaqlara hədiyyə edilib.
Qərbi Azərbaycan İcması, Böyük Qarakilsə İcması, Arçut İcmasının Məşvərət-Məsləhət Məclisinin "İşçi qrupu”nun və "ARDIC” Hərəkatının birgə təşkilatçılığı ilə hazırlanan tədbir iki hissədən ibarət olub.
Tədbirin birinci hissəsində Arçut kənd orta məktəbinin tarixi və fəaliyyəti barədə məruzə və təqdimat çıxışları edilib. Məktəbi qızıl medalla bitirmiş həkim Sədi Qurbanov maraqlı xatirələrini bölüşüb. Daha sonra tədbirə qatılan qonaqlara söz verilib.
Qonaq kimi Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, hörmətli alim Əziz Ələkbərli və Böyük Qarakilsə İcmasının sədri, BDU-nun professoru Zahid Cəfərov çıxış edərək tədbirin əhəmiyyəti haqqında danışıb, öz ürək sözlərini deyib.
Tədbirin qeyri-rəsmi hissəsi maraqlı kompozisiya ilə start götürüb.
"Xan” rəqs qrupu maraqlı çıxış edib.
Sonra arçutlu Fatma Süleymanovanın şeirinə arçutlu Qələndər Cinoyev tərəfindən bəstələnmiş "Arçut eli” mahnısının müğənni Yeganə Zahidqızının ifasında təqdimatı olub.
Bundan əlavə, bədii hissədə folklor nümunələrindən bəhs olunaraq, kənd aşıqları və şairləri Məhərrəm Oruclu, İbrahim Dağlaroğlu və Habil Rəcəbov tərəfindən şeirlər söylənilib, saz havası dinlənilib.
Bədii hissənin sonunda Lalə Məmmədovanın "Məktəb illəri” mahnısının sədaları altında zala məktəbin maketi gətirilib. Maket kompozisiyası tədbir iştirakçıları tərəfindən xüsusi rəğbət qazanaraq, yüksək alqışlarla qarşılanıb.
Tədbirin sonunda məktəbin 100 illiyi ilə əlaqədar hazırlanmış tort kəsilib. Məclisin sonuna yaxın "Son zəng” səhnəsi təqdim edilib. 1987-1988-ci və 1988-1989-cu tədris ilinin məzunları və şagirdləri Bəxtiyar Vahabzadənin "Son zəng” şeirini səsləndirib, rəmzi olaraq son zəng vurulub.
Qonaqlar foyedə qoyulmuş "Xatirə kitabı”na ürək sözlərini yazıb, çəkiliş aparan tele-müxbirin suallarını cavablandırıblar.
Qeyd edək ki, tədbir Bakıda, Xətai rayonunda yerləşən "Neapol” şadlıq sarayında, 450 nəfərin iştirakı, moderatorlar əməkdar artist Elnur Hüseynov və televiziya müxbiri Elnarə Qədimovanın təqdimatı ilə keçirilib.
Tədbirin keçirildiyi zalı və foyeni məzmuna uyğun və yubileyin həkk olunduğu stendlər, çərçivə fotoları, digər əşyalar bəzəyib.
Tədbir iştirakçılarına təqdim edilən məktəbin maketi qonaqların və tədbir iştirakçılarının diqqətini xüsusi çəkib. Foyedəki əyani vasitələr tədbir iştirakçılarına və qonqalara təqdim olunub.