Bir dostumuz var, deyir: “Babam o vaxtlar qonşu ölkə ilə bağlı deyirdi: ‘Bala, onlar hamam fitəsidir, onlara etibar etmək olmaz’.” Köhnə nəsil hansı ölkədən söhbət getdiyini bilir. Allah o babanı rəhmət eləsin, hədəfi çox düzgün qiymətləndirib.
Hamam fitələri rolunu oynayanlar meydana düşüb. Layiqincə vəzifələrini yerinə yetirirlər, lakin bir şeyi unudurlar ki, onlar əllərdən əllərə dəyişənlərdir. Sözüm onda yox…
Ölkə başçısının son müsahibəsi çoxlarını narahat etdi və etməliydi də. Çünki psixologiyada belə bir nümunə var: hamıya bəlli olan qorxaqlar və zəiflər həmişə özlərindən öndə, özlərindən ağıllı fikir səsləndirənləri qəbul etmir, dərhal onlara qarşı hücum taktikası seçirlər. Bu, instinkt olaraq onlarda daxili mənəviyyatsızlığın əxz etdiyi məcburi bir vərdişdir.
Ağıllı adamlar həmişə müdrik fikirlərdən nəticə çıxarır və daha müdrik olmaq üçün o fikirlərin sahibini özlərinə düşmən yox, sağlam rəqib hesab edirlər. Bu yanaşma ilə yaşadıqları mühiti, məkanı və həyat tərzlərini inkişaf etdirmək üçün yeniliklərə can atırlar. Yəni, çalışırlar ki, “biz daha da yaxşı olmaq üçün nə edə bilərik?” deyə yaşadıqları dövlət üçün araşdırmalar aparsınlar və qərəzsiz təkliflər versinlər.
Amma biz nə gördük? Bütün çıxışın detallarını mənfiyə yozdular. Peşələri yozmaqdır. Bu, həqiqətən depressiv düşüncənin, psixoloji travmanın xroniki pozğunluğudur.
Cənab Prezident ölkənin iqtisadi inkişafı ilə bağlı reallıqları açıqladı. Lakin həmişə beynəlxalq təşkilatların hesabatlarına istinad edənlər Prezidentin çıxışından sonra BMT-nin “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri” hesabatı ilə bağlı açıqlamasını görməzdən gəldilər. Sual olunur: niyə? Səbəb sadədir – çünki həqiqətləri görmürlər. Həqiqəti görməyənlərin bəsirət gözləri qapanıb, haqqı görə bilmirlər, çünki haqsızlıq və ədalətsizliyin çirkabında boğulurlar.
Bəli, dövlət və vətəndaşların qarşılıqlı məsuliyyət məsələsi hüquqi dövlətin zəruri şərti və əlaməti kimi vətəndaşla hakimiyyətin dövlətə münasibətdə mənəvi əsaslarını ifadə edir. Biz vətəndaşlar kimliyimizdən asılı olmayaraq dövlət, cəmiyyət və qanun qarşısında məsuliyyət daşıyırıq. O cümlədən, dövləti idarə edən hakimiyyət də bu məsuliyyəti daşımalıdır. Ölkəni idarə edən lider, yəni dövlət başçısı öz məsuliyyətini mükəmməl yerinə yetirirsə, vətəndaşlar da buna qarşılıq verməlidir.
Bizim xalqımız, yəni vətəndaşlarımız, bu qarşılıqlı məsuliyyət anlayışını dərk edərək həmrəyliyimizi, birlik və bütövlüyümüzü həmişə qoruyub saxlayıb. Ölkənin Prezidentinə etimadını ən yüksək səviyyədə göstərib.
Bunu bacarmayan “fitələr” deməli, vətəndaş olduqlarını ya dərk etmirlər, ya da özlərini bu millətdən saymırlar. Gah klerikal düşüncədə olan insanları dəstəkləyir, gah teokratik düşüncədə olanları müdafiə edir, gah da demokratiyadan danışırlar. Sizin amalınız və siyasətiniz budur, amma bu, indiki dövrdə heç kimə lazım deyil. Bu, sadəcə riyakar və çirkli manipulyasiyadır.
Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hal-hazırda hər kəs bu dövlətdə özünü təminatlı və təhlükəsiz hiss edir. Hər bir vətəndaş arxasında güclü bir dövlətin dayandığını dərk edir və bununla fəxr edir.
İdeoloji xəttimiz bəllidir. Milli ideologiyamızın strategiyası göz önündədir. Sosial ideologiyamız, iqtisadi ideologiyamız, mənəvi və siyasi ideologiyamız milli ideologiyada birləşdirilib. Vahid “Hər şey dövlət üçün!” şüarı ilə tamamlanıb.
Bütün nemətlərdən öncə dövlətin təhlükəsizliyi, maraqları, müstəqilliyi və suverenliyi gəlir. Bu nemətləri qoruyaq ki, digər nemətlərdən daha səmərəli istifadə edə bilək. Bu, indiki dövrün prioritet faktorudur.
İrana, Fransaya, Ermənistana siyasi və diplomatik dillə mesajlar vermək hamam fitələrinin xətrinə dəyib. Sizin zatən nə xətriniz qalıb, nə də qəlbiniz. Daşa dönmüsünüz. Təfəkkürdən söhbət gedir – daşlaşmış təfəkkür.
Biz sizin də təminatınızı qoruyuruq. Çünki siz də bu ölkəyə aidsiniz. Neyniyək ki, bu yolu seçmisiniz…
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri