Azərbaycanın ilk qadın hərbi jurnalisti Əntiqə Qonaqovanın anadan olduğu gündür.
Newscenter.az xatırladır ki, Əntiqə Qonaqova 21 yanvar, 1959-cu ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub.
1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib.
Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxıb. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərib.
1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlayıb. O, Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir, "Həyat" qəzetində baş müxbir, "Biznes" qəzetində şöbə müdiri, "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor, "Azərbaycan" qəzetində müxbir, 2001–2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində çalışıb. Dövlət qulluğu müşaviridir. Hazırda təqaüddədir.
Əntiqə Qonaqova Qarabağın dağlıq hissəsinə erməni quldurlarının təcavüzü başlayan gündən jurnalist kimi dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olub, torpaqlarımızı qoruyan könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışıb. Xocalının soyqırımdan əvvəlki vəziyyətində, Şuşada, Ağdamın Gülablı, Mərzili, Başqərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı, Gövşatlı, Veysəlli, Arış, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində, Cəbrayılın Sur yüksəkliyində, Zəngilanın Novlu, Kollu, Rəzdərə, Yeməzli, Günqışlaq, Pirveyisli, Şərifan, Aşağı Göyəli, Nəcəflər, Ağbənd, Vejnəli, Qubadlının Çardaqlı, Əyin, Məlikəhmədli, Tarovlu, Yuxarı Cibikli, Aşağı Cibikli, Əliquluuşağı, Zor, Laşının Səfyan, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Qazaxın Barxudarlı, Sofulu, Qızılhacılı, Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Tovuzun Ağdam, Əlibəyli, Koxanəbi, Göyəbaxan, Böyükqışlaq, Ağdərədə, Tərtərin Dəmirçilər sovetliyinin Ağkənd, Cəmilli, Balakəngərli kəndlərində Leninavan, Yarımca, Seysulan, Marqoşevanda, Vəng yüksəkliyində, Kəlbəcərin Qılıclar, Hacıkənd, Kamo, Azad, Toğana, Dikyurd, Sarıyer, İstisu ərazilərində, Tərtərin….. Sarı olmuş və ön cəbhədə gedən döyüşlərin iştirakçılarından müxtəlif səpkili yazılar yazıb. Ümumiyyətlə, 1988–1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 1, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olmuş və burada şahidi olduğu hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığı mətbu orqanında çıxışlar edib. Bundan başqa mütəmadi olaraq xəstəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərimizə baş çəkmiş, şəhid ailələrinə maddi və mənəvi dayaq durub.
Mehman Mehdiyev