Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş azərbaycanlı

SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş azərbaycanlı


SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş azərbaycanlı Abbas Çayxorskinin anadan olduğu gündür.

Newscenter.az xatırladır ki, Abbas Çayxorski 21 yanvar 1917-ci ildə Ermənistanın ərazisində mövcud olmuş İrəvan quberniyasının, Yeni Bəyazid qəzasında, Çaxırlı kəndində anadan olub.

O, professor, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru, Dövlət Mükafatı laureatı, neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçısı kimi tanınıb.

Abbas Çayxorski 1969-91-ci illərdə SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb.

O, 2 ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. Çayxorski 1942-ci ilin avqustunda yaralanaraq hospitala aparılır. Sağaldıqdan sonra baş serjant rütbəsində ön cəbhəyə qayıdan Çayxorski, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq etmiş, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanmışdır. O, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunmuşdur.

Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı olmuş, onun 1970-ci ildə hazırladığı və Mendeleyev cədvəlinin modifikasiyası olan elementlərin dövri sistemi cədvəli iki il sonra SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasartırma kurslarının tədris proqramına salınmışdı.

Çayxorski 1978-ci ildə dünyada neptunium kimyası üzrə yeganə əsar olan "Neptun kimyası" monoqrafiyasını çap etdirir.

Çayxorski 1997-ci ildə 80 yaşında yeganə oğlunun yanına, ABŞ-yə gedərək Rusiya xüsusi orqanları tərəfindən saxlanılır və Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edir. Eyni zamanda atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. O, ABŞ-də da elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə məşğul olur.

Ömrünün son illərində Abbas Çayxorski dəfələrlə Bakıya gəlmiş, 26 yanvar 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən akademiyanın fəxri doktoru seçilmiş və məqalələri Akademiyanın mətbu orqanında dərc olunmuşdur.

Abbas Çayxorski 91 yaşında – 30 noyabr 2008-ci ildə, ABŞ-nin Nevada ştatının Rino şəhərində vəfat etmişdir.

Anar Əliyev
Xəbəri paylaş