
"Ermənistan mediasının məlumatına görə, Fransa Zəngəzurda konsulluq açmağa hazırlaşır. Gorusda isə Fransa-Ermənistan konfransı baş tutacaq. Elə konsulluğun açılışı da o tarixdə olacaq. Fransız dilli QHT sədrlərindən olan Karmen Apunts da konsul təyin ediləcək. Fransanın buradakı yeni mərkəzi Qərb üçün hərbi və kəşfiyyat məqsədlərinə xidmət edəcək".
Newscenter.az xəbər verir ki, bunları deyən politoloq Zeynal Əmrəliyev bildirib ki, Fransanın məhz həmin ərazidə konsulluq açması əsasən 3 səbəbə görədir:
"İlk növbədə bu rəsmi Parisin reallaşmasını istəmədiyi Zəngəzur dəhlizi prossesinə mane olmaq üçün atılmış addımdır. Sünik vilayəti Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının ortasında yerləşir. Zəngəzur dəhlizi layihəsinin əsas mərkəzi məhz buradır. Bu baxımdan Sünik vilayəti təkcə Ermənistan üçün yox, həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Ancaq məsələ Zəngəzur dəhlizinin açılmasına mane ola bilməz. Həmin ərazidə hansı ölkənin diplomatik nümayəndəliyinin yerləşməsindən asılı olmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliyə riayyət etməlidir".
Politoloq deyib ki, rəsmi Parisin bu yolla prosesə mane olmaq gücü yoxdur:
"İkinci önəmli məsələ isə Fransanın bununla Rusiyaya qarşı əzələ nümayişidir. Rəsmi Moskva 2023 - cü ildə Sünik vilayətində konsulluq açmaq istəsə də Ermənistan rəhbərliyi buna icazə verməmişdi. Ancaq Fransaya dərhal yaşıl işıq yandırdı. Açılacaq Fransa konsulluğu həmçinin Rusiyanın planının pozulması deməkdir. Artıq Moskvadan məsələ ilə bağlı mövqe gəlib. Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, Ermənistanın Sünik vilayəti ətrafında gərginlik artıb və buna səbəb xarici ölkələrin Cənubi Qafqazda fəallığını gücləndirməsidir. Rusiya müdafiə nazirinin vasitəsi ilə prossesə münasibət bildirməklə Ermənistanı xəbərdar edir ki, bu hadisənin nəticəsi sizin üçün yaxşı olmayacaq. Xüsusilə 2026 - cı ildə keçiriləcək parlament seçkilərinə az qalmış və rusmeyilli müxalifətin güclənməsi fonunda baş verən hadisələr Ermənistanın Rusiyaya " strateji xəyanəti " kimi də başa düşülə bilər. Məsələnin üçüncü tərəfi isə İranla bağlıdır. Rəsmi Tehran dəfələrlə Ermənistanın kenar dövlətləri regiona gətirməsindən narahat olduğu üstüörtülü şəkildə bəyan edib. İran - Ermənistan sərhədində Fransa konsulluğunun açılması ikitərəfli əlaqələrin bir qədər gərginləşməsinə səbəb ola bilər. Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət kənar qüvvələri Cənubi Qafqaza gətirməklə bölgədə vəziyyəti gərginləşdirir. İrəvanın bu addımı bölgədə sülh və sabitliyin qorunub saxlanması yolunda əsas maneələrdən biridir".
Anar Əliyev