
Azərbaycan bu gün bir çox hədəflərinə çataraq bölgənin aparıcı aktoruna və Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar Azərbaycanı Şərq-Qərb əməkdaşlığında əsas halqaya çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan enerji və nəqliyyat layihələri regional inkişafa və rifaha töhfə verir. Xarici siyasətdə önəmli istiqamətlərdən biri Mərkəzi Asiya, xüsusilə də Özbəkistanla əlaqələrin gücləndirilməsidir. Bu münasibətlər son illərdə ikitərəfli və çoxtərəfli platformalarda sürətlə inkişaf edir.
Hər iki ölkəni tarixdən gələn milli-mədəni bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.
Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin təzahürüdür.
Özbəkistan RespublikasınınPrezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib.
Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır.
Azərbaycan və Özbəkistan iqtisadi cəhətdən Türk dünyasının güclü dövlətlərindəndir. Əsas nəqliyyat marşrutları üzərində yerləşən bu ölkələr nəqliyyat və logistika sahəsində sıx əməkdaşlıq edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaşıb və ölkəmiz beynəlxalq şəbəkələrə inteqrasiya olunub. Bu da Özbəkistandan və digər Mərkəzi Asiya ölkələrindən yükdaşımaların artmasına şərait yaradır.
Azərbaycan və Özbəkistan prezidentlərinin mütəmadi şəkildə həyata keçirilən qarşılıqlı səfərləri bu dəfə də öz ənənəsinə sadiq qaldı. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini deməyə imkan verir.
Azərbaycana bu dəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır.
Eyni mənəvi dəyərlərə, ortaq soy-kökə və zəngin tarixi irsə əsaslanan Azərbaycan–Özbəkistan münasibətləri bu gün müasir dövrün tələblərinə uyğun olaraq dinamik şəkildə inkişaf edir. Azərbaycanın Özbəkistan və ümumilikdə Orta Asiya ölkələri ilə güclənən əməkdaşlığı yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının tərəqqisinə mühüm töhfələr verir. Əsrlərə söykənən dostluq və qardaşlıq ənənələri, qarşılıqlı etimada əsaslanan münasibətlər gələcəkdə də genişlənərək xalqlarımızın rifahına və bölgədə sabitliyə xidmət edəcək.
Tural Məmmədov