
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Abu Dabidə erməni baş nazir Nikol Paşinyanla görüşü qədər də əhəmiyyətli dövlət başçımızın Birləşmiş Ərəb Əmirliklərinə səfəridir. Səfər çərçivəsində Cənab İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü, tərəflər arasında imzalanan sənədlər belə deməyə əsas verir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, BƏƏ Körfəz ölkələri sırasında Azərbaycanla ən sıx əməkdaşlıq quran dövlətlərdən biridir və Bakı ilə Abu Dabi arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq mühiti mövcuddur:
"Xüsusilə, iki ölkə arasında enerji sektorunda səmərəli əməkdaşlıq mühiti mövcuddur. Bu ölkəyə məxsus "Masdar" şirkəti Azərbaycanda alternativ enerji mınbələrinin inkişaf etdirilməsi istiqamətində ölkəmizin müvafiq qurumları ilə əməkdaşlıq edir. Bu sırada 2023-cü ildə Neftçala rayonunun Bankə qəsəbəsində, Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni qeyd etmək yerinə düşər. Sevindirici hal ondan ibarətdir ki, Masdar şirkəti işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" layihəsinin inkişaf etdirilməsində də maraqlıdır və bu istiqamətə də investisiya yatırır".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, dövlət başçısının BƏƏ-yə səfəri Azərbaycanla bu ölkə ilə əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Süleyman