
"Bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ildönümü tamam olur. Bu əlamətdar gündə biz Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə bir daha xatırlayırıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki,
"Azərbaycan tarixinin otuz beş ilə yaxın dövrü ərzində xalqımızın siyasi təkamülü, iqtisadi tərəqqisi və mənəvi yüksəlişi dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə qırılmaz surətdə bağlı olmuşdur. Müasir Azərbaycan Respublikası Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür. Heydər Əliyevin müstəsna liderlik keyfiyyətləri, yaradıcılıq enerjisi və strateji təfəkkürü sayəsində xalqımız hələ sovet dövründə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya və inkişaf etdirə bilmişdir".
Spiker qeyd edib ki, Ümummilli Liderimizin başladığı tarixi missiyanı bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev davam etdirir:
"Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətə çevrilmişdir.
Əlbəttə, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması milli inkişaf tariximizdə yeni dövr açmışdır.
Bu gün işğaldan qurtarılmış torpaqlarda geniş miqyaslı bərpa-quruculuq işləri davam etdirilir, müstəqil və demokratik Azərbaycanın dünyaya nümunə ola bilən Böyük qayıdış layihəsi mərhələ-mərhələ həyata keçirilir. İnamla söyləmək olar ki, möhtərəm cənab Prezidentin siyasəti Azərbaycan dövlətinə və xalqına indiyə qədər olduğu kimi, qarşıdakı illərdə də böyük uğurlar gətirəcəkdir".
Süleyman