Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu səfər Türkmənistanın Türk dünyasına inteqrasiyasını gücləndirəcək

Bu səfər Türkmənistanın Türk dünyasına inteqrasiyasını gücləndirəcək


"44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycanın ən yeni tarixində yaranan yeni ənənələrdən biri də ölkəmizə səfərə gələn xarici dövlət başçılarının, mötəbər qonaqların paytaxtımızdan sonra, həmçinin Qarabağa da səfər etmələridir. Bu baxımdan, iyulun 16-da ölkəmizə səfərə gələn Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıdan sonra bu gün Qarabağa getməsi heç də təsadüfi deyil. Görünən budur ki, Türkiyə, Macarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) liderlərinin ardınca, Türkmənistan da Qarabağa səfər estafetinə qoşulmağı zəruri hesab edib".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, Qurbanqulu Berdiməhəmmədov işğaldan azad olunan Qarabağ bölgəsinə səfəri çərçivəsində iyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, həmçinin şəhərin Baş planı ilə tanış olub:

"Türkmən qonaq vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhərinin 30 il davam edən işğalı zamanı erməni vandalları tərəfindən tamamilə talan edilərək viran qoyulmasının izlərini əyani müşahidə edib. Berdiməhəmmədov, həmçinin dövlətimizin başçısı ilə birlikdə Şuşa rayonunun Daşaltı kəndinin mənzərələrini seyr edib, Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksini ziyarət edib, sakinləri salamlayıb. İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar".

Komitə sədri qeyd edib ki, bütün bunlar uzun illər boyu neytral siyasətə üstünlük verən və türk dövlətləri ilə məsafə saxlayan Türkmənistanın hazırda əsas siyasi fiquru sayılan Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın məruz qaldığı vəhşilikləri əyani görməsi baxımından olduqca vacibdir:

"Bunun mənəvi-psixoloji əhəmiyyəti var. Türk dövlətləri bir-birilərinin kədərinə də, sevincinə də şərik olmalıdırlar. Azərbaycan Prezidenti türk dövlətləri arasında mənəvi-siyasi birliyi, həmrəyliyi gücləndirməyi bacarır. Bu kontekstdə Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfərə gəlməsi və o cümlədən Qarabağ gerçəklikləri ilə əyani tanış olması olduqca əhəmiyyətlidir. Bu səfər Türkmənistanın Türk dünyasına inteqrasiyasını gücləndirəcək".

Süleyman
Xəbəri paylaş