
"Belə bir ehtimal mümkündür, bu haqda Türkiyəli siyasi ekspertlər də ehtimal edir. Hələ ki, müşahidələrimiz əsasında deyə bilərik ki, İsrail bölgədə əzələ nümayiş etdirir. Bu hərbi əməliyyatları İsrail özünə potensial təhlükə gördüyü istiqamətlərdə həyata keçirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov İsrailin Suriyaya zərbələrinin mümkün Türkiyə-İsrail qarşıdırmasına gətirib çıxaracağı barədə fikirləri şərh edərkən səsləndirib. O deyib ki, İranın da hələ Suriyada təsirləri qalmaqdadır:
"Hazırda Suriyada siyasi sabitlik tam bərqərar olmadığından müxtəlif güclər asanlıqla hərbi müdaxilə edirlər. Türkiyə tərəfindən Suriyaya müdaxilənin qəbuledilməz olması ilə bağlı biz diplomatik açıqlamaları görürük, lakin Türkiyə İsraillə mümkün qarşıdurmadan çəkinməyə çalışır. İsrail Irana hərbi müdaxilə edərkən biz Türkiyənin təpkisini gördük, indi İsrail ikinci addım olaraq Suriyada hərbi əməliyyata başlayıb. Türkiyə bu məsələdə də diplomatik etirazlarla kifayətlənməyə çalışır".
Politoloqun sözlərinə görə, gedişat onu göstərir ki, əgər Yaxın Şərqdə vəziyyət daha da gərginləşərsə, belə bir ssenarinin, yəni İsrail-Türkiyə qarşıdurmasının baş vermə ehtimalı var:
"Əlbəttə bu arzuolunan deyil və bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Görünür ki, Qərbdə bəzi dairələr, o cümlədən İsrail Türkiyənin Suriyada güclənməsindən narahat olduğuna görə bu ölkədə hərbi eskalasiya yaradırlar. Türkiyənin addımları isə hələ ki, Suriyada sabitliyin əldə olunması və inkişafa yönəlibdir".
Süleyman