Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran prezidenti Ermənistana niyə gedir?

İran prezidenti Ermənistana niyə gedir?


"İran prezdenti Məsud Pezeşkian Ermənistana səfər edəcək. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. “Prezident İraq, Pakistan, Azərbaycan, Qətər və Omana səfər edib, yaxın iki həftə ərzində Ermənistana gedəcək”, - deyə XİN başçısı bildirib. Əraqçi Pezeşkianın səfər etdiyi ölkələrin adını sadalamaqla əslində bu ölkələrin onların hökumətinin xarici siyasətində mühüm yer tutduğunu göstərmək istəyirdi".

Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev səsləndirib. O deyib ki, İraq, Pakistan və Azərbaycan İranla həm qonşu, həm də ortaq mədəniyyətə malik ölkələrdir:

"Qətər İran üçün Körfəzin əsas ölkəsidir. ABŞ və İsrailin İrana hücumu Körfəz ölkələri ilə əməkdaşlığı daha da gücləndirməyə sövq edir. Oman isə ABŞ - İran danışıqlarına ev sahibliyi edən ölkə olaraq Pezeşkian hökuməti üçün mühüm əhəmiyyət kəsb edir. İran prezidentinin Ermənistana ziyarətində əsas məsələ şübhəsiz ki, bu ölkənin son zamanlar Qərblə sıx əməkdaşlıq etməsi və Qərbi regiona gətirmək cəhdləridir".

Politoloq qeyd edib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirən rəsmi İrəvan Rusiya ilə münasibətlərdə soyuqluq nümayiş etdirir:

"İran eyni siyasətin özünə qarşı da ola biləcəyindən ehtiyat edir. Suriyanın arxasınca Ermənistanı da itirmək İranı bölgədə olduqca pis vəziyyət salar. Xüsusilə son zamanlarda Ermənistan Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu isə İranda ciddi narahatlıq doğurur. Pezeşkianın səfəri həm də Ermənistana "Qərbdən uzaq dur" mesajı vermək üçün bir vasitədir. Pezeşkianın səfəri digər yandan iki ölkə arasında münasibətlərin inkişafı baxımından da önəmlidir. İran və Ermənistan arasında enerji və ticarət sahəsində geniş əməkdaşlıq imkanları var. Hazırda iki ölkənin rəsmiləri arasında Hindistan - İran - Ermənistan - Gürcüstan nəqliyyat dəhlizinin reallaşması məsələsi müzakirə edilir. Şimal - Cənub koridoruna alternativ kimi nəzərdə tutulan bu yol İran üçün vacib əhəmiyyət daşıyır. Digər önəmli bir məsələ isə tərəflərin enerji və təbii qaz mübadiləsini həyata keçirməkdir. İran üçün Ermənistan hazırda sərfəli bazardır. Rəsmi Tehran bu ölkəyə daha çox qida və tibb ləvazimatları ixrac etmək niyyətindədir. İran prezidentinin Ermənistana səfəri zamanı ehtimal ki, Zəngəzur dəhlizi məsələsi də geniş şəkildə müzakirə ediləcək. Tehran dəhlizin açılmasına olduqca həssas yanaşır. Səfərdən sonra tərəflərdən hansının bu məsələdə yanaşmasında dəyişiklik olacağı da maraqla gözlənilir".

Anar Əliyev
Xəbəri paylaş