
“Avtomobil yolları haqqında” qanun layihəsi pullu yollar şəbəkəsinin yaradılması üçün hüquqi baza yaradır. Ödənişli yolların tikintisinə yalnız alternativ pulsuz marşrut olduqda icazə verilir.
Eyni zamanda, ödənişli avtomobil yollarında gediş haqqının məbləğinin hərəkət iştirakçılarının sosial-iqtisadi tələbatının ödənilməsi nəzərə alınmaqla iqtisadi cəhətdən əsaslandırılması nəzərdə tutulur.
Daxili işlər, təcili yardım, yanğın təhlükəsizliyi kimi xüsusi xidmət orqanlarının avtomobilləri ödənişli yollardan pulsuz istifadə edə bilər.
Bu qanun layihəsi parlamentin aşağı palatasının iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edildiyi kimi, qanun layihəsində “yol planlaması” mexanizminin tətbiqi, əhalinin və iqtisadiyyatın artan tələbatına uyğun olaraq yol infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulur. Həmçinin yolların layihələndirilməsi zamanı əhalinin rəyinin və ətraf mühitə təsirinin nəzərə alınmasına, piyadalar üçün maneəsiz mühitin yaradılmasına dair ciddi tələblər müəyyən edir.
Bundan başqa, qanun layihəsində kommunikasiya şəbəkələrinin tikintisi zamanı yolların əvvəlki vəziyyətinin bərpası xərclərinin ödənilməsi şərti də öz əksini tapıb. Yollarda iri və ağır tonnajlı avtomobillərin hərəkəti tənzimlənir. Bundan əlavə, xidmət obyektlərinin təcrid olunmuş və yol kənarında yerləşdirilməsi ilə bağlı tələblər müəyyən edilir.
Qanun layihəsindəki normalar avtomobil yollarının keyfiyyətinin yüksəldilməsi, ödənişli yollar şəbəkəsinin yaradılması, sahəyə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə mövcud yol şəbəkəsinin uzun müddət saz vəziyyətdə saxlanmasına xidmət edir.
Maddə-maddə müzakirə edildikdən sonra qanun layihəsi deputatlar tərəfindən qəbul edilərək Senata göndərilib.