
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin həbs olunması və barəsində cinayət işinin başladılması ictimai-siyasi həyatımızda ciddi rezonans doğuran hadisələrdən biridir. O, xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Söhbət Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilməkdən gedir. Ramiz Mehdiyev də məhz bu maddələr üzrə ittiham olunur.
Bunlar ən ağır cinayətlər kateqoriyasına aiddir. Dövlətə xəyanət və çevriliş cəhdi həqiqətən də çox ağır cinayətlərdir. Uzun müddət dövlət idarəçiliyinin ən yüksək eşalonunda çalışmış bir şəxsin sonradan belə məkrli niyyətlərə yönəlməsi dərin təəssüf hissi doğurur. İttihamlardan aydın olur ki, Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmək istəyib, prezident olmaq arzusuna düşüb, Azərbaycan xalqının və dövlətçiliyinin taleyini öz şəxsi maraqlarına qurban verməyi qərara alıb. Bütün bunlar, bu cür xəbis əməllər yəqin ki, detallı şəkildə araşdırılacaq və ictiamaiyyətə müvafiq açıqlamalar veriləcək.
Maraqlıdır, Ramiz Mehdiyev dövlətə xəyanət və çevriliş cəhdlərini hansı qüvvənin, hansı ölkənin diktəsi ilə, tapşırığı ilə edib? Onun Rusiyanın Azərbaycanda əsas tərəfdarı, dəstəkçisi, təsir agenti olduğu barədə söhbətlər çoxdandır gedir. 87 yaşına çatmış bir şəxsin bu yaşında belə, hələ də sakit oturmaması və başqa bir dövlətin maraqlarına xidmət etməsi, antidövlət fəaliyyətləri ilə məşğul olması, hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməsi sıradan bir hadisə deyil. Mehdiyevin bu əməlləri ona göstərilən etimada qarşı etibarsızlıq və nankorluqdur.
İstintaq humanist davranaraq və onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib. Ancaq araşdırmalar nəticəsində onun cinayətləri sübuta yetirilərsə, yəqin ki, nə yaşı, nədəki yalvarışları nəzərə alınmayacaq. Mehdiyevin və onun "şəbəkə"sinin cinayət əməlləri tam olaraq üzə çıxarılmalı və ifşa olunmalıdır. Bu adamın "xaç ata"lıq etdiyi gizli "şəbəkə" üzvləri arasında ən müxtəlif sahələrin adamları, o cümlədən radikal müxalifətin nümayəndələri də yer ala bilər. İstintaqın nəticələri bütün həqiqətləri üzə çıxaracaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri