
“15 oktyabr 2003-cü il prezident seçkiləri Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi oldu. Məhz həmin gün Azərbaycan xalqı Cənab İlham Əliyevə böyük etimad göstərərək Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə səs verdi”.
Newscenter.az xəbər verir ki, bunları “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, 2003-cü il, Azərbaycan üçün həm daxili, həm də beynəlxalq müstəvidə mühüm çağırışların və dəyişikliklərin baş verdiyi dövr idi:

“Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi məsələsi gündəmdə idi. Bu baxımdan, 15 oktyabr 2003-cü il tarixində keçirilən prezident seçkiləri, ölkənin gələcək inkişafının müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyırdı. Bu seçkilərdə Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəldi. Onun prezident seçilməsi ilə Azərbaycanda siyasi sabitlik qorundu, iqtisadi inkişafın təməlləri möhkəmləndi və strateji layihələrin icrası sürətləndi”.
Arzuman Muradlı qeyd edib ki, İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti və uğurlu diplomatik gedişləri ilə Azərbaycan regionun lider dövlətlərindən birinə, güclü iqtisadiyyata və ordusuna malik ölkəyə çevrildi:
“Ən əsası ordu quruculuğunu sürətləndirməklə tarixi zəfərə imza ataraq qalib dövlətə çevrildi”.
Arzuman Muradlı, “15 oktyabr 2003-cü il – təkcə prezident seçkiləri günü deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcıdır. Bu gün, 22 il sonra, həmin qərarın nə qədər mühüm və uzaqgörən olduğu daha aydın görünür”,-deyə vurğulayıb.
Süleyman