Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzulinin azad edilməsi müharibənin gedişində dönüş nöqtəsi oldu

Füzulinin azad edilməsi müharibənin gedişində dönüş nöqtəsi oldu


“Artıq 5 ildir ki, işğaldan azad olunmuş digər şəhər və rayonlarımız kimi Füzuli rayonu da özünün yeni inkişaf dövrünü yaşayır, öz dogma sakinlərinə qucaq açır. Bu gün Füzuli rayonu da böyük tikinti meydançasını xatırladır. Rayonda həyata keçirilən geniş miqyaslı quruculuq işləri Böyük Qayıdışın təntənəsindən xəbər verir”.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov Füzuli şəhər günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. Millət vəkili yaxın tarixə, 44 günlük Vətən Müharibəsinə nəzər salaraq bildirib ki, Füzuli rayonunun 2020-ci il Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilməsi Azərbaycanın hərbi, siyasi və iqtisadi baxımdan mühüm strateji əhəmiyyətə malik uğurlarından biri idi. Deputatın sözlərinə görə, Füzuli rayonunun azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin uzun illər ərzində qurduğu birinci müdafiə xəttini yarmağa nail oldu:

“Bu hadisə müharibənin gedişində dönüş nöqtəsi oldu. Eyni zamanda Füzulinin işğaldan azad edilməsi Xocavənd, Cəbrayıl və son nəticədə Şuşaya doğru irəliləməsində bir açar rolunu oynadı. Baxmayaraq ki, ermənilər ən güclü istehkam qurğularını Füzulidə qurmuş, ora daha çox canlı qüvvə və hərbi texnika yerləşdirmişdilər. Ancaq Müzəffər Azərbaycan Ordusu Ermənistanın keçilməz hesab etdiyi sədləri belə darmadağın edib Füzulini düşməndən azad edə bildi. Bir sözlə, Füzuli uğrunda döyüşlər göstərdi ki, Ermənistanın "keçilməz" hesab etdiyi səddlər texnologiya, taktika və ruh yüksəkliyi qarşısında dayana bilmir”.

İlham Məmmədov qeyd edib ki, Füzuli rayonunun azad edilməsindən sonra Azərbaycan ordusu "Zəfər yolu" adlandırılan yeni logistik və strateji yol çəkdi:

“Bu yol Şuşanın azad edilməsində əsas marşrut oldu. Füzuli rayonunun işğaldan azad edilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də möhkəmləndirdi. Çünki bu, BMT qətnamələrinin icrasına real zəmin yaratdı. Eyni zamanda, müharibənin bu mərhələsində əldə olunan uğurlar danışıqlar masasında Azərbaycanın əlinin güclənməsinə səbəb oldu”.

Yaxın tarixə nəzər salan millət vəkili deyib ki, Füzuli 1993-cü ildə işğal edilmiş və 27 il ərzində viran qoyulmuşdu:
“Onun azad edilməsi Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı. Bu qələbə cəmiyyətin birliyini daha da gücləndirdi və torpaqların işğaldan azad olunmasının mümkünlüyünü sübut etdi”.

İlham Məmmədov, “Artıq Füzuli azaddır və füzulilər, eləcə də bütöv Azərbaycan xalqı hər il Cənab Prezidentin imzaladığı sərəncam əsasında 17 oktyabr tarixini ”Füzuli şəhər günü” kimi coşqu və qürur hissi ilə qeyd edir”,-deyə bildirib.

Süleyman
Xəbəri paylaş