
“17 oktyabr Zəfər tariximizə yazılan daha bir əlamətdar hadisədir. Məhz həmin tarixdə Müzəffər Azərbaycan Ordusu tərəfindən Füzuli erməni işğalından azad edildi. Füzulinin işğaldan azad edilməsi strateji baxımdan çox mühüm idi. Çünki Füzulinin işğaldan azad olunması qələbəyə yaxınlaşdıran yolun başlanğıcı idi. Bu Xocavəndə, Şuşaya gedən yolumuzu daha da asanlaşdırmış oldu”.
Bunları Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı 17 oktyabr Füzuli şəhər günü ilə bağlı fikirlərini bölüşərkən deyib. İctimai birlik sədri qeyd edib ki, Füzuli istiqamətində düşmənin möhkəmləndirilmiş müdafiə səddi, minalanmış sahələri, güclü istehkamları vardı:
“Lakin Müzəffər Azərbaycan Ordusu bu səddi aşa bildi. Əslində bu, Ermənistan ordusunun "keçilməz" saydığı ilk cəbhə xəttinin dağıdılması demək idi. Azərbaycan Ordusu Füzulini işğaldan azad etməklə Erməni Ordusu arasında ruh düşkünlüyü yaratmaqla yanaşı, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarına doğru da hücumlarına ön açdı. Həmçinin Şuşa istiqamətində hərbi-strateji yol xəttinin bir hissəsi təmin edildi. Bu, sonradan Şuşanın azad edilməsində mühüm rol oynadı”.
Arzuman Muradlı qeyd edib ki, Füzuli şəhərinin işğaldan azad olunması Azərbaycan cəmiyyətinə və ordusuna ruh yüksəkliyi yaratdı, qələbəyə olan ümidləri daha da artırdı:
“Füzuli uğrunda gedən ağır döyüşlərdən sonra erməni ordusunun cəbhədə koordinasiyası pozuldu. Azərbaycan Ordusu daha sürətli və effektiv irəliləməyə başladı. Bir sözlə, Füzulinin azad olunması təkcə bir şəhərin qaytarılması deyil, bütün cəbhə boyunca hərbi-strateji balansın Azərbaycanın xeyrinə dəyişməsi demək idi”.
Bu gün işğaldan azad edilmiş digər şəhər və rayonlar kimi Füzulinin də yenidən qurulduğunu, rayona yeni nəfəs gəldiyini deyən Arzuman Muradlı, “ Artıq ermənilərin vandalcasına dağıtdığı, daşı-daş üstünə qoymadığı Füzulidən əsər-əlamət qalmayıb. Füzuli yenidən qurulur, dirçəlir, respublikamızın strateji baxımdan əhəmiyyətli rayonlarından birinə çevrilir. Rayonda bir neçə il əvvəl istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzura gedişi daha da asanlaşdırır. Bu gün biz aparılan geniş miqyaslı quruculuq-abadlıq işləri fonunda yeniləşən, gözəlləşən Füzuli ilə qarşı-qarşıyayıq. Azərbaycan Respublikasının Preeezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamla hər il oktyabrın 17-si Füzuli şəhər günü qeyd edilir. Bu əlamətdar günü bütöv Azərbaycan xalqı fəxr, qürur hissi ilə qeyd edir. Belə bir günün rəsmiləşdirməsi həm də torpaqlarımız uğrunda, xüsusilə də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan oğullarımızın ruhuna ehtiramın göstəricisidir”,-deyə vurğulayıb.
Süleyman