
Zaman keçdikcə böyük Zəfərimizin tarixi əhəmiyyəti daha aydın şəkildə görünür. 44 günlük Vətən müharibəsindən 5 il ötür. Bu müqəddəs savaşımızın ən parlaq səhifələrindən biri də Füzuli şəhərinin düşmən tapdağından azad edilməsidir. Düz 5 il əvvəl - 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti qələbə səhifəsi kimi yazıldı. Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və ətraf kəndlər erməni işğalından azad edildi. Beləliklə, 17 oktyabr tarixi milli təqvimimizə milli birliyimizdən güc alan qalibiyyət günlərindən biri kimi daxil oldu.
Füzuli şəhəri uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən biri kimi yadda qalıb. İşğalçı Ermənistan rəhbərliyi Füzulinin strateji əhəmiyyətini nəzərə alaraq bu istiqamətdə keçilməz müdafiə istehkamları formalaşdırmış, şanlı Ordumuzun mümkün əks hücumlarını dayandırmaq üçün əlindən gələni etmişdi. Lakin döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstərərək, Füzuli istiqamətindəki təmas-müdafiə xəttlərini yarmağı bacardı və bunun nəticəsində müzəffər Ordumuz tam strateji üstünlük qazanmağa nail oldu. Füzuli şəhəri ilə yanaşı, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edildi.
Azərbaycan Ordusunun Füzuli şəhərinin işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşü 44 günlük şanlı Vətən savaşının gedişatında əsas həlledici mərhələlərdən biri oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Füzuli şəhərini işğaldan azad etməsi xalqımızın qürur, ləyaqət hissini gücləndirməklə yanaşı, böyük Qələbəyə inamı daha da artırdı. Bu əməliyyatın uğurla başa çatması ilə müasir hərb tariximizdə yeni səhifə açıldı. Füzuli şəhərinin azad edilməsinin hərbi-strateji əhəmiyyəti ilk növbədə ondadır ki, bu şəhərin azad olunması ilə Xocavənd və Şuşa istiqamətlərində əməliyyatların aparılması üçün və eyni zamanda, Cəbrayılın kəndlərinin azad edilməsi üçün əlverişli mövqelər təmin edildi. Beləliklə, Füzuli əməliyyatı ilə mənfur düşmənlərimizin torpaqlarımızdan qovulması prosesi geridönməz xarakter aldı.
Füzuli əməliyyatının böyük mənəvi və siyasi əhəmiyyəti isə ondadır ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və strateji əməliyyatlar həyata keçirməyə qadir olduğunu bir daha sübut etdi. Füzuli uğrunda gedən döyüşlər zamanı Azərbaycan əsgərinin göstərdiyi igidlik, yüksək döyüş ruhu və peşəkarlıq düşmənin müqavimət gücünü qırdı və erməni tərəfinin uzun illər ərzində özü haqqında yaratdığı "məğlubedilməz"lik miflərini tamamilə darmadağın etdi. Azərbaycan xalqının mübarizə və azadlıq ruhu, Ordumuzun döyüş gücü bütün dünyaya bəlli oldu.
17 oktyabr - Füzuli şəhərinin işğaldan azad edildiyi gün kimi tarixə keçməklə yanaşı, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncam ilə hər il Füzuli Şəhər Günü kimi qeyd olunur. Beləliklə, bu əlamətdar tarix böyük Zəfərimizin rəmzi günlərindən birinə çevrilməklə bərabər, doğma torpaqlara qayıdışın soraqçısı, dirçəlişin və yeni həyatın başlanğıcının müjdəçisi kimi mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının tapşırığı ilə hazırda Füzuli rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qısa müddətdə şəhərin siması nəzərəçarpacaq dərəcədə dəyişib. Erməni vandalizminin ağır nəticələri sürətlə aradan qaldırılır.
2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib və bu gün Füzuli şəhəri məhz həmin plan əsasında müasir şəhərsalma prinsiplərinə uyğun olaraq tamamilə yenidən qurulur. Bu şəhərdə müasir şəhərsalma yanaşmaları və dayanıqlı inkişaf həlləri tətbiq edilir. Füzuli şəhəri Böyük Qayıdışın əsas ünvanlarından birinə çevrilib. Aparılan böyük quruculuq işləri nəticəsində indiyədək 3 mindən çox sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb. Füzulinin timsalında Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanı bütövlükdə Cənubi Qafqazda dayanıqlı sülh və tərəqqi mərkəzi kimi önə çıxarır. Zəfərin və Böyük Qayıdışın simvollarından birinə çevrilən Füzulil şəhərinə qayıdan soydaşlarımızı 17 oktyabr - Füzuli Şəhəri Günü münasibətilə təbrik edir, onlara doğma ocaqlarında firavan, sağlam və xoşbəxt həyat arzulayıram.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri