
Füzulinin işğaldan azad edilməsi təkcə bir şəhərin qurtuluşu deyildi bu, Azərbaycan xalqının iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətinin təntənəsi idi. Bu əməliyyat həm strateji, həm də psixoloji baxımdan böyük əhəmiyyət daşıyırdı. Cəbhə xəttinin bu istiqamətdə yaranması, əlaqə və nəqliyyat xətlərinin açılması, Zəngilan, Qubadlı və Cəbrayıl istiqamətlərində irəliləyişin başlanması, Laçın dəhlizinə doğru hərbi əməliyyatların genişlənməsi hamısı məhz Füzulidən başladı.
Füzuli həm də Şuşaya gedən yolun başlanğıcı idi. Bu qələbə xalqımız üçün mənəvi dirçəliş, milli birliyin və dövlət-xalq həmrəyliyinin simvoluna çevrildi. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz fədakarlığı, Azərbaycan Ordusunun şücaəti və Ali Baş Komandanın dəmir iradəsi ilə yazılan bu tarix, dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrildi. Ali Baş Komandanın diplomatik uğurları, siyasi qələbələri və uzaqgörən siyasəti nəticəsində dövlətçilik prinsipləri möhkəmləndi, milli maraqlar qorundu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artdı. Bu qələbə təkcə bu gün üçün deyil, gələcək nəsillərin rifahı və təhlükəsizliyi üçün imzalanmış tarixi sənəd idi Qalibiyyətin imzası!
Bu zəfəri bizə yaşadan, əziyyəti və zəhməti olan hər kəsə başda Ali Baş Komandan İlham Əliyev olmaqla, rəşadətli Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə, səngərdə döyüşən igidlərimizə, onlara dua edən analarımıza, gündüz-gecə çalışan həkimlərə, jurnalistlərə, könüllülərə minnətdarlığımız sonsuzdur! Bu xalq birliyinin, bu həmrəyliyin nəticəsində Azərbaycan tarixi qələbəsini qazandı! Füzulinin azadlığı ilə Azərbaycan xalqı saxta erməni ideologiyasını, terrora əsaslanan düşüncəni və onu dəstəkləyən bütün qüvvələrin siyasi xəttini tarixdən sildi. Bu zəfərlə biz təkcə torpaqlarımızı deyil, həm də milli qürurumuzu, ədalətimizi və kimliyimizi geri qaytardıq. Bu gün biz Füzulinin azadlığı ilə başlayan o möhtəşəm yolun Zəfər yolunun davamçılarıyıq.
Bizim qələbəmiz əbədidir, çünki bu qələbəni bizə xalqın birliyi, Vətən sevgisi və şəhid qanı bəxş edib!
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri