
Oktyabrın 17-də Səmərqənddə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 21-ci iclası öz işinə başlayıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Özbəkistanda ilk dəfə keçirilən bu mötəbər konfransda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın təhlükəsizlik orqanlarının və kəşfiyyat orqanlarının rəhbərləri iştirak edirlər.
İclasa Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Bahodir Kurbanov sədrlik edir.
Konfransda iştirakçılar müasir təhdidlərə dair fikir mübadiləsi aparacaq, MDB ölkələrinin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş təxirəsalınmaz vəzifələri müzakirə edəcəklər.
İclasın yeri və gündəliyi 2024-cü il noyabrın 26-da Moskvada keçirilən 20-ci yubiley iclasında müəyyən edilib.
Görüşün sonunda nümayəndə heyətlərinin rəhbərləri regional təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq üçün prioritet istiqamətləri və konkret vəzifələri müəyyən edəcəklər.
Mehman Mehdiyev