
Ukraynanın baş naziri Yuliya Svırıdenko Slovakiyaya Rusiyadan yan keçməklə neft və qaz tədarükü üçün birgə enerji qovşağı yaratmağı təklif edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Ukrayna Nazirlər Kabinetinin rəhbəri bu təkliflə Slovakiyanın Koşitse şəhərində hökumətlərarası Ukrayna-Slovakiya məsləhətləşmələrinin açılışı zamanı çıxış edib.
"Aİ-nin Rusiyadan enerji mənbələrinin şaxələndirilməsi strategiyasını nəzərə alaraq, hesab edirəm ki, biz yeni, etibarlı təchizat marşrutları yaratmağa borcluyuq. Biz təkcə alternativ mənbələr təklif etməyə deyil, həm də Slovakiyanı istənilən risklərdən qorumaq və yeni regional enerji mərkəzi yaratmaq üçün sistemlərimizi texniki cəhətdən sinxronlaşdırmağa hazırıq", - deyə baş nazir bildirib.
Slovakiyanın baş naziri Robert Fiko isə bəyan edib ki, Bratislava Rusiya qazının Ukrayna ərazisindən tranzitinə icazə verilməməsi məsələsində Kiyevin mövqeyini bölüşmür, lakin tərəflər qarşılıqlı maraq doğuran məsələləri açıq şəkildə müzakirə edirlər.
Qeyd edək ki, yanvarın 1-də Kiyevin “Qazprom”la müqaviləni yeniləməkdən imtina etməsi səbəbindən Rusiya qazının Ukraynanın qaz nəqli sistemi ilə Avropaya tranziti tamamilə dayandırılıb. Slovakiya hökuməti Vladimir Zelenskinin respublikanın çox ehtiyacı olan Rusiya qazının tranzitini dayandırmaq qərarını dəfələrlə tənqid edib.
Mehman Mehdiyev