Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ən yeni tariximizin dönüş nöqtəsidir

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ən yeni tariximizin dönüş nöqtəsidir


18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ən yeni tariximizin dönüş nöqtəsidir. Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. Tarixçilər, politoloqlar tərəfindən "Üçüncü Respublika" kimi dəyərləndirilən hazırkı Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsi dövlətçiliyimizin yenidən bərpası günü olmaqla yanaşı, həm də milli birlik və həmrəylik rəmzimizdir. Dövlət müstəqilliyimizin bərpası bütün dünya azərbaycanlılarını bir araya gətirən, birləşdirən ortaq dəyərimizdir.

Azərbaycan xalqı indi bu bayramı tam fərqli ovqatda və yeni ictimai-siyasi müstəvidə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Artıq iki ildir ki, Müstəqilliyin Bərpası Günü bütün ərazilərimizdə Konstitusiya quruluşunun və suverenliyin tam bərpa edilməsi şəraitində qeyd olunur, bu gün Qarabağımızın hər nöqtəsində Azərbaycanın üçrəngli şanlı bayrağı qürurla dalğalanır. İşğaldan azad olunan əbədi və əzəli torpaqlarımızda ay-ulduzlu bayrağımızın dalğalanması müstəqilliyimizin Zəfərlə taclanmasının göstəricisidir.

Ulu Öndər Heydər Əliyevin tarixi ifadəsində qeyd olunduğu kimi müstəqilliyimiz sarsılmaz, dönməz və əbədidir. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha da çətindir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev müstəqilliyin siyasi çəkisini artırmaqla bərabər, həm də müstəqilliyimizi real iqtisadi qüdrətə, hərbi gücə çevirdi. Dövlət müstəqilliyini qorumağın ən mühüm şərti olan ərazi bütövlüyünü təmin etmək, suverenliyin bərpasına nail olmaq bunun əyani təsdiqidir. Müstəqilliyin bərpasından keçən 34 il ərzində Azərbaycan regionun lider dövlətinə çevrilib. Bu gün xalqımız öz şanlı tarixi və qalib dövləti ilə haqlı olaraq öyünür.
Bəli, bu gün suveren və qalib Azərbaycanın vətəndaşı olaraq müstəqilliyimizin bərpa edilməsinin 34-cü ildönümünü qeyd etməyimiz həqiqətən də tarixi hadisədir. Ötən 34 il ərzində - müstəqilliyimizin bərpa edildiyi gündən bu günümüzə qədər ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda minlərlə soydaşımız, qəhrəman oğullarımız şəhid olub. Onlar milli dövlətçiliyimizin qorunub saxlanması üçün öz canlarından keçiblər. Ona görə də müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən Vətən övladlarının ruhlarını daim ehtiramla yad etmək hər birimizin vəfa borcumuzdur.

Biz son 34 ildə Zəfər yolunu inşa edən və bu yolu qalibiyyətlə keçən qəhrəman xalqıq. Bu müddət ərzində hərbi-strateji və mənəvi-siyasi cəhətdən güclənməyimiz üçün böyük əzm və mübarizə, xalq-iqtidar birliyi tələb olunurdu. Və eyni zamanda, iqtisadi inkişafı təmin etmək, bütün resursları əsas hədəfimizin - ərazi bütövlüyümüzün bərpasına yönəltmək üçün güclü siyasi iradə, qətiyyət, uğurlu diplomatiya ortaya qoyulmalıydı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bu çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəlməyi bacardı. Olduqca mürəkkəb geosiyasi şəraitdə torpaqlarımızın işğaldan azad edilməsinə nail olan dövlətimizin başçısı bununla müstəqilliyimizə ən böyük töhfəsini verdi. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan siyasətin ən uğurlu nəticəsidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş