Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: Azərbaycan və Qazaxıstan çoxşaxəli formatda səmərəli əməkdaşlıq edir

İlham Əliyev: Azərbaycan və Qazaxıstan çoxşaxəli formatda səmərəli əməkdaşlıq edir


Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlər bu gün yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimadla xarakterizə olunur və ötən onilliklər ərzində həqiqi strateji və müttəfiq tərəfdaşlıq münasibətləri qurulub.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın "Kazinform"a müsahibəsində bildirib.

"Son üç ildə bu, qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı və yeni uğurları müşahidə etməkdən məmnunam. Bu nailiyyətlər Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir. Eyni dövr ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviç Tokayev altı dəfə Azərbaycana səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələri inkişaf etdirmək istəyimizi nümayiş etdirir", - Prezident qeyd edib.

Dövlət başçısı azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına görə qardaş Qazaxıstana təşəkkürünü bildirib. "Bu mərkəz hazırda təxminən 100 uşağın təhsil aldığı mühüm mədəni və təhsil müəssisəsinə çevrilib.

Ötən illər ərzində biz təxminən 170 sənəddən ibarət möhkəm hüquqi-müqavilə bazası yaratmış, siyasi, ticarət-iqtisadi, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri qurmuşuq. Xüsusilə bu il imzalanmasının 20-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini vurğulamaq istərdim. Bu sənəd müxtəlif sahələrdə Azərbaycan-Qazaxıstan qarşılıqlı fəaliyyətinin inkişafı üçün etibarlı təməl yaradıb və ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlıq bütün istiqamətlərdə əhəmiyyətli dərəcədə genişlənib", - Ölkə Prezidenti bəyan edib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan və Qazaxıstan BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir.

Sevinc Mehdiyeva
Xəbəri paylaş