
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" və "AMEA Power" şirkətləri Özbəkistanın Nəvai bölgəsində elektrik saxlama sistemləri quracaqlar.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, Özbəkistan Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq razılaşmalar Əbu-Dabidə keçirilən süni intellekt və enerji üzrə beynəlxalq forumlarda, ENACT Məclisində və ADIPEC-2025-də əldə edilib.
Razılaşmaya əsasən, Masdar şirkəti Nəvai bölgəsində 300 MVt/600 MVt/saat gücündə iki enerji saxlama sistemi, AMEA Power şirkəti isə 200 MVt/800 MVt/saat gücündə iki enerji saxlama sistemi inşa edəcək.
Tədbir çərçivəsində BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Əhməd əl-Cabir, Energetika və İnfrastruktur naziri Süheyl əl-Məzrui və bir sıra tərəfdaş şirkətlərin rəhbərləri ilə görüşlər də keçirilib.
Görüşlərdə Özbəkistan və BƏƏ arasında "yaşıl" enerji və neft-qaz sektorlarının inkişafı sahəsində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar müzakirə olunub.
Qeyd edilib ki, bu gün Masdar ilə əməkdaşlıq çərçivəsində Özbəkistanda ümumi gücü 1247 MVt olan 5 günəş elektrik stansiyası, gücü 500 MVt olan 1 külək elektrik stansiyası və gücü 63 MVt olan 1 enerji saxlama sistemi istifadəyə verilib və dayanıqlı "yaşıl" enerji istehsal edir. Bundan əlavə, Kaşkadərya bölgəsində 300 MVt gücündə günəş fotovoltaik elektrik stansiyası tikilir.
Anar Əliyev












































