
“Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşməsi gələn il keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Prosesə kilsənin də aktiv qoşulması bu mənzərəni daha da tündləşdirir”.
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Ermənistanda cərəyan edən prosesləri dəyərləndirərkən səsləndirib. Onun sözlərinə görə, Paşinyan anlayır ki, tarixən erməni xalqının üzərində hakim mövqedə olan kilsəni zəiflətmədən onun qazanmaq şansları azalır:
“Çünki erməni kilsəsi həm də xarici bağlara malikdir. Xüsusən də Rusiyanın Ermənistanda maraqlarının təmin olunmasında təsirli alətdir. Baş Nazir Paşinyanla Erməni Qriqoryan Apastol Kilsəsinin rəhbərləri arasında münasibətlərin korlanması və bunun qarşıdurma fazasına keçməsinin səbəbkarı kilsə özü oldu”.
Əli Orucov hesab edir ki, yaxın dönəmlərdə proseslərin daha sərt və radikal xarakter alacağı gözlənilir:
“Moskva hər vəchlə qızışdırıcı addımları və təxribatları ilə bu qarşıdurmaları körükləyir. Paşinyanın rəqblərini mükafatlandırır, onlara açıq dəstəyini ifadə edir. Hakimiyyət cəmiyyətdəki gərginliyi və həssaslığı nəzərə alaraq daxili auditoriyaya hesablanan mesajlar verməyə məcbur qalıb. Paşinyan özünü erməni xalqının və dövlətçilyinin yeganə xilaskarı kimi təqdim edərək, az-çox belə bir imic formalaşdırıb. Ona görə də indiki iqtidar zəif olsa da, digər qüvvələr onun real alternativinə çevrilə bilmirlər”.
Süleyman












































