
Azərbaycan xalqının ən şanlı və ən qürurlu günlərindən biri olan 8 Noyabr – Zəfər Günü ölkəmizin müasir tarixində əbədi qızıl hərflərlə yazılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan bu möhtəşəm Qələbə, təkcə hərbi gücün deyil, həm də xalqın iradəsinin, vətən sevgisinin və milli həmrəyliyin təntənəsidir. 44 gün davam edən bu mübarizə nəticəsində Azərbaycan xalqı otuz ilə yaxın işğal altında olan torpaqlarını azad etdi.
Bu dövrdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa kimi rayon və şəhərlərimiz mərhələlərlə azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə müharibənin taleyini müəyyənləşdirən, qələbəmizin rəmzinə çevrilən hadisə oldu. Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın tacı sayılan Şuşa şəhərinin azad olunması xalqımız üçün misilsiz mənəvi dəyərə malikdir. Şuşa uğrunda gedən döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığının, peşəkarlığının və yüksək ruhunun təcəssümü oldu. Dağ, meşə və qayalıqlardan keçərək irəliləyən Azərbaycan əsgəri Şuşanı azad etməklə xalqımızın iradəsini dünyaya göstərdi. Bu qələbə Azərbaycanın hərb tarixində nadir taktiki və strateji uğur kimi qiymətləndirilir.
Zəfər Günü Azərbaycan xalqının ədalətin və beynəlxalq hüququn bərpası uğrunda qazandığı tarixi nailiyyətdir. Bu qələbə ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmiş, regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni reallıqlar yaranmışdır. Bu möhtəşəm qələbənin memarları Azərbaycan Ordusunun igid əsgər və zabitləri, şəhidlərimiz, qazilərimiz və veteranlarımızdır. Onların fədakarlığı, qəhrəmanlığı və vətənə sonsuz sədaqəti sayəsində Azərbaycan öz torpaqlarını azad etdi, ərazi bütövlüyünü bərpa etdi və milli qürurunu yenidən ucaltdı.
Azərbaycan xalqı Şəhidlərimizin xatirəsini əbədi hörmət və minnətdarlıqla yad edir. Onların adları şəhərlərdə, küçələrdə, məktəblərdə, park və abidələrdə əbədiləşdirilir. “Vətən sağ olsun!” deyib döyüşə atılan hər bir şəhid, bu xalqın qəlbində ölməzlik qazanmışdır.
Zəfər bayramınız mübarək olsun!
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı












































