
“Azərbaycanın coğrafi mövqeyi, Mərkəzi Asya ilə Avropa arasında “nəqliyyat körpüsü” kimi də daha effektiv hesab olunmaqdadır. Prezident İlham Əliyevin önə sürdüyü tarifin optimallaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma istiqamətində rəqabətin üstünlük təşkil etməsini təmin edəcəkdir. Həmçinin birgə sərmayə fondlarının yaradılması ilə bağlı, kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrdə ortaq biznes layihələrinin gerçəkləşdirilməsi müzakirə olunur”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünü şərh edərkən səsləndirib. O deyib ki, Azərbaycan tamhüquqlu iştirakçı olaraq Cənubi Qafqazda və ümumiyyətlə dünyada olan gücünə və etibarına güc qatmış oldu:
“Bu güc, siyasi və iqtisadi baxımdan ölkəmizin təsir mexanizmləri imkanlarını genişləndirir. Qazaxıstan Prezidenti Tokayevin təbirincə desək, Azərbaycanın bu platformada təmsilçiliyi həmçinin regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Əslində ölkəmiz Şərq-Qərb dəhlizində mühüm rol oynayır və bu istiqamətdə yürütdüyü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bu istiqamətdə regionun əvəzsiz tərəfdaşdır. Azərbaycan olmadan heç bir layihənin həyata keçirilməsi real görünmür və yaxud da faydalı ola bilməz. Bu baxımdan bu addımı da Azərbaycanın növbəti uğuru hesab etmək lazımdır və atılan addımlar Azərbaycanın regiondakı rolunu artıracaq düşüncəsindəyəm”.
Süleyman










































