
"Ötən həftə Ermənistanın baş nazirinin müavini M. Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti iki ölkə arasında delimitasiya-demarkasiya komissiyasının növbəti iclasında iştirak etmək üçün Azərbaycana səfər etdi. İki ölkə arasında sayca 12-ci iclasın sərhəddə deyil, Qəbələdə keçirilməsini iki ölkə arasında əlaqələrin inkişafında mühüm addım kimi xarakterizə etmək olar".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, eyni gündə Türkiyə-Ermənistan nümayəndələri də görüş keçirib:
"Azərbaycan və Türkiyə prosesi paralel aparır. Bu da tərəflər arasında qarşılıqlı etimadı inkişaf etdirir. Birgə komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfər etməsi gözlənilir.
Qarşılıqlı səfərlərin təşkili Rusiyanın proseslərə mane olmasının neytrallaşdırır. Hazırda Rusiya Ermənistanda "demokrat" imicinə girmiş ictimai şəxsləri göndərərək Qarabağ məsələsini "unutmamaq" təbliğatını aparır. Bir növ Rusiya öz ənənəvi siyasətindən geri addım atmaq istəmir. İki ölkə arasında sülh prosesinə zərbə vurmağa çalışır".
Politoloq deyib ki, Azərbaycan və Ermənistan Rusiyanın regionda mövqeyini zəiflətmək üçün ciddi addımlar atacaqsa, "Yekun sülh" müqaviləsinin imzalanması prosesi tez baş tutacaq:
"Təbii ki, bu Ermənistanda keçiriləcək parlament və konustitusiya referendumundan sonra baş tutacaq. Azərbaycan və Ermənistan dövlətləri arasında xeyli irəliləyiş əldə edilib. İki ölkə arasında anklavlarla bağlı məsələlər də prinsipcə həllini tapıb. Ermənistanda parlament seçkilərindən sonra prosesin başlanması gözlənilir".
Süleyman













































