
"Siyasi təmizliyə əslində çoxdan start verilib. Sadəcə, bu təmizliyin hansı metod və üsullarla tətbiq olunması məsələsi var idi. Start verildi və düşünürəm ki, bu siyasi təmizlik kimyəvi təmizliklə sintez olunub. Birdəfəlik siyasi ocağımızda xəyanətkar obrazlar yandırılacaq".
Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, prosesin özü, əslində, dövlətə zidd işləyən, sabotaj edən, siyasi sistemi tormozlamağa çalışan şəxslərin uzaqlaşdırılması deməkdir:
"Bu isə siyasi islahatların səmərəliliyini artırır, idarəetmənin effektivliyini yüksəldir. Çünki bu sabotajçı-manipulyator qüvvələrin arxasında müəyyən xarici dairələr dayanırdı. Həmin qüvvələr öz təsirləri ilə heç vaxt nəzərdə tutduğumuz siyasətçiləri rahat buraxmayıblar və bunlar da dost çəpəri kimi həmin dairələrin qarşısında sipər rolunu oynayırdılar. Lakin indi biz o qüvvələrin “dost çəpərlərini” sökməyə başladıq. Arxalarında dayanan əsl simaları gördük. Biz o simaları hələ çox görəcəyik və onların hamısı da ciddi şəkildə cəzalandırılacaq. Ramiz Mehdiyevin dövlət içində fərqli mərkəzlər qurmaq cəhdləri, qruplaşmalar yetişdirmə istəkləri".
Mərkəz rəhbəri qeyd edib ki, təmizləmə əməliyyatı başlayandan sonra həmrəyliyimizin parçalanması təhlükəsi, dövlətimizin parçalanma riski aradan qalxdı:
"Düzdür, dövlət qurumlarımız və hüquq-mühafizə orqanlarının peşəkarlığı, çevikliyi bu yaramaz hərəkətləri həmişə nəzarətdə saxlayıb. Amma dövlətimizi uzun müddət sarsıtmağa çalışan düşmənlər də zəif deyildilər. Onların bizə qarşı siyasi ideologiyası və dövlətimizi zəiflətmək taktikası İlham Əliyevin diplomatiyası tərəfindən məhv edildi, darmadağın olundu. Bundan sonra təmizləmə əməliyyatına start verildi. Ordumuzun düşmənə hücumları kimləri narahat edirdi? Hər torpaq alınanda kimlər hisslərini boğa bilməyib iç üzünü açırdı? “Haqlı ola-ola haqsız duruma düşdük” deyən bir siyasətçinin bu gün Ramizlə gizli əlaqələrinin üzə çıxması… İndi bildinizmi, dəyərli soydaşlar, o ifadələr niyə səsləndirilirdi?".
Ramil Hüseynov qeyd edib ki, şəhid balalarımızın əməyini küçümsəyən bir siyasətçi bizə lazım idimi? Xeyr, lazım deyildi:
"Hakimiyyət hərisliyi bir siyasi lideri dövlətə xəyanətə sövq edirsə, demək, o siyasi şəxsə heç vaxt dövlət idarəçiliyi etibar etmək olmaz. Dövlətimizə düşmənçilik edən siyasi dairələrlə istənilən bağlılıq, hakimiyyət iddiasında olan bir partiya sədrinə bağışlanılmaz və qəbul edilməzdir. Güman edirəm, həmin partiyanın sıravi üzvləri də bu biabırçı hadisəyə kəskin reaksiya verməlidir. Burada dövlətçilik mövqeyi ortaya qoyulmalıdır, şəxsi mövqeyə yol vermək olmaz. Siyasətdə “yıxılanı baltalamazlar” ifadəsi tez-tez səslənir. Bəli, məntiqidir, həm də şərtidir. Siyasi mədəniyyət nümunəsi sayıla bilər. Amma bu ifadə heç bir halda dövlətə xəyanətə, dövlət düşmənləri ilə gizli əlaqələrə aid edilə bilməyəcək bir siyasi məntiqlə bağlıdır. Bir çox ölkələrin siyasi etikasına görə, rəqib ego və nüfuz baxımından artıq məğlub olsa belə, onu aşağılamaq lazım deyil. Bu, siyasi mədəniyyətin yüksək və labüd olduğunu göstərir. Amma qətiyyən dövlət əleyhinə bircə addım atanlara aid edilə bilməz".
Ramil Hüseynovun sözlərinə görə, ölkəmizdə hamı şahid olub ki, yüksək siyasi etika bir neçə siyasi şəxsə, o cümlədən Əli Kərimliyə də tətbiq olunub. Lakin belə məsələlərdə heç kimə tətbiq oluna bilməz:
"Mən dövlətimizdən tələb edirəm ki, belə hadisələrə görə cəza sərt və qəti olmalıdır, amma bütün obyektivlik prinsiplərinə riayət edilməklə. Onsuz da Azərbaycanda bir neçə partiya belə riyakar addımları ilə ciddi siyasi kapital itkisinə məruz qalmışdı.
Ona görə də bəzi insanların düşündüyü kimi deyil: Tətbiq olunan maddələrlə yıxılıb deyə məsuliyyətdən azad olunmur. Hüququn sərt, üzünü görməlidir. Bu cür proseslərdə, obrazlarda heç hakimiyyətin də haqqı yoxdur ki, bu tip insanlara güzəşt tətbiq etsin".
Süleyman













































