Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dostluğa sadiq adamam

Dostluğa sadiq adamam


Ruslan İmanzadə: “Addımladığım yolun qaranlıq olduğunu görsəydim, bu yola çıxmazdım”


Newscenter.az-ın millət vəkilləri, ictimai-siyasi xadimlər, müxtəlif peşə sahibləri ilə “İşdən sonra” rubrikası davam edir. Rubrikamızın bu dəfəki qonağı Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) İdarə Heyətinin sədri, Caspian Capital Group şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan İmanzadədir. Ruslan İmanzadənin Bakıda olmasından istifadə edərək onunla görüşüb rubrikamız üçün müsahibə aldıq. Vədələşdiyimiz kimi Azərbaycanın baş kəndində olarkən ən çox üz tutduğu məkanda, “Başkənd” restoranında həmsöhbət olduq.


-Ruslan bəy, bizim rubrikanınm ənənəvi sualı var. Adətən işdən sonra nə ilə məşğul olursunuz?

-Əvvəla mənə də rubrikanızda yer ayırdığınız təşəkkür edirəm. Çox maraqlı və oxunaqlı bir rubrika olmasını arzu edirəm. O ki qaldı sualınıza, tam səmimi deyirəm, mənim üçün uzun illərdir işdən sonra məhfumu yoxdur. Sutkanın demək olar ki, böyük bir hissəsini işlə məşğul oluram. Fəaliyyətlər, iş görüşmələri bəzən o qədər olur ki, evə gecə saat 1, yaxud 2-də getməli oluram.

-Belə başa düşürəm ki, işiniz çox gərgindir

-Demək olar ki. Bizim işimizin bir mühüm tərəfi də ondan ibarətdir ki, ofisdə, rahat kresloda oturub fəaliyyət göstərmirik. Daim axtarışda, səfərdə, görüşlərdə oluruq. Düzdür, bəzən insan oturaq iş fəaliyyətindən də bezir. Ancaq hesab edirəm ki, işini sevirsənsə ondan bezmək olmaz. Əksinə daha fəal olmalı, özünü cəmiyyətə təqdim etməyi bacarmalısan.

-Bu gərginlik heç yormur sizi?

-Desəm ki, yorulmuram, bu yalan olar. Ancaq onu da deyim ki, mənim üçün iş, qarşıma qoyduğum məqsədə, hədəfə çatmaq ən böyük uğurdur. Düzdür, yorulduğum vaxtlar da olur. Ancaq bunu işdən bezmək kimi dəyərləndirmək olmaz. Əgər işdən bezirsənsə, deməli artıq sən o sahədən uzaqlaşmalı, özünə tamam başqa bir iş, məşğuliyyət tapmalısan.

-Sizin yaxşı bir deviziniz var. Durmaq yox, yola davam. Yol sizi hara aparır?

-Tamamilə düz deyirsiniz. Biz fəaliyyətə başlayandan bunu özümə deviz olaraq seçmişəm ki, durmaq yox, yola davam. Yol insanı uğura da apara bilər, uçuruma da. Yolun uğurlu olması üçün insan özü fəaliyyətini düzgün qurmalıdır. Mən uğura çatmaq, qarşıma qoyduğum hədəflərə çatmaq üçün bu yola çıxmışam. Hələ ki, yolu qət edirik. Hesab edirəm ki, uğurlu da addımlayırıq.

-Yolunuz işıqlıdır, yoxsa qaranlıq?

-Əgər mən addımladığım yolun qaranlıq olduğunu görsəydim, bu yola çıxmazdım. İşıqlıdır və davamlıdır. Onu da deyim ki, getdiyimiz yolda müəyyən maneələr olub, həvəsdən düşmək üçün cəhdlər edilib. Lakin biz öz uğurlu fəaliyyətimizlə bütün maneələri dəf edib yolumuza davam etmişik.

-İrəlidə yolun bitmə təhlükəsi görünürmü?

-Yolun bitməsi fiziki baxımdan tükəndiyində ola bilər. Ancaq hesab edirəm ki, hələ fəaliyyətimizi davam edə bilərik. İrəlidə bizi çox böyük uğurlar, nailiyyətlər gözləyir.

-Yol barədə son sualımı verim. Bəs səfərə çıxmağı, yolçuluq, istirahət etməyi necə, sevirsinizmi?

-Əlbəttə. Zaman və iş rejimi imkan verdiyi təqdirdə səfərə çıxmağa üstünlük verirəm. Düzdür, iş fəaliyyətimlə bağlı mən müntəzəm olaraq səfərlərdə oluram. Ancaq sırf istirahət baxımından gəzintiyə çıxmağı sevirəm.

-Dostlarla, yoxsa ailə ilə?

-Çalışıram ki, ailə ilə birlikdə çıxım səfərə. Bu günlərdə Azərbaycanda olarkən övladım və qardaşımın mənə qalan əmanətləri ilə cənub zonasına səfər etdim. Onlarla çox yaxşı bir gün keçirdik. Onların üzünü güldürməyim, üzlərində sevinc, təbəssüm yarada bilməyim ürəyimi dağa döndərdi.

-Dostdan söz düşmüşkən, dostlarınız çoxdur?

-Bəli, çoxdur. Həm Azərbaycanda, həm də Özbəkistanda çox sayda dostlarım var.

-Bəs onlarla görüşə vaxt tapa bilirsiniz?

-Açığı deyim ki, o qədər də yox. Azərbaycana gələrkən çalışıram ki, uşaqlıq, tələbəlik dostlarımla görüşüm, keçmiş xatirələri birlikdə bölüşək. Ancaq təəssüflər olsun ki, buna hər zaman nail ola bilmirəm. Səbəb də qeyd etdiyim kimi işlərin çoxluğudur.

-Dostlarınız onlara vaxt ayıra bilmədiyiniz üçün sizdən inciyirlər?

-İnciyəni də olur, anlayışla qarşılayanı da. Əksəriyyəti bilir ki, mən dosluğa çox sadiq biriyəm. Vacib işlər olmasa, gözlənilməz situasiyalar meydana çıxmasa heç vaxt vəd etdiyim görüşdən, dostlarla ünsiyyətdən qaçmaram.

-Özbəkistanda necə, orada da istirahət məqsədilə turizm zonalarına səfər edirsinizmi?

-İmkan yarandıqca çalışıram ki, Özbəkistanın turizm istirahət zonalarına baş çəkim. Onu da deyim ki, Özbəkistanın çox güclü turizm potensialı var. Bu gün Azərbaycanla Özbəkistan arasında turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi olduqca zəruridir. Bu istiqamətdə də müöəyyən fəaliyyətlər ortaya qoymağa çalışırıq. Ümumiyyətlə, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi bu sektorun inkişafına mühüm təsir göstərə bilər. Bu gün Özbəkistana gələn turistlərin böyük əksəriyyətini qonşu qırğızlar və çinlilər təşkil edir. Eləcə də qazax turistlər Özbəkistana səfər edən xarici ölkə turistləri arasında xüsusi çəkiyə malikdir. Nəyə görə onlar, yəni qazaxlar, qırğızlar, eləcə də özbəklərin özləri istirahət üçün Azərbaycanı seçməsinlər? Düşünürəm ki, bu istiqamətdə ciddi şəkildə işləmək lazımdır.

-Ruslan bəy, nə qədər Özbəkistan bizim üçün doğma, dost-qardaş ölkə olsa da, bütün halda qürbət sayılır. Maraqlıdır, orada Azərbaycan yadınıza düşəndə nəylə təsəlli tapırsınız? Həmin vaxt konkret olaraq jarada olmağa üstünlük verirsiniz?

-Sizin də qeyd etdiyiniz kimi Özbəkistan bizə dost-qardaş ölkədir və burada özümüzü qətiyyən yad hiss etmirik. Digər tərəfdən Özbəkistanda kifayət qədər azərbaycanlı yaşayır. Burada müxtəlif peşələrdə çalışan soydaşlarımız var. Müntəzəm olaraq onlarla bir araya gəlib söhbətlər edirik. Eyni zamanda müntəzəm olaraq Azərbaycana gedib gəlirəm. Bəzi hallarda işlə əlaqədar olaraq ay ərzində iki dəfə Azərbaycana gəlirəm. Ancaq təbii ki, bəzi hallarda Azərbaycan üçün hədsiz dərəcədə darıxıram, o anda Vətəndə olmaq istəyirəm.

-Azərbaycanda konkret olaraq harada olmaq istəyirsiniz?

-Təbii ki, ata yurdumda, Biləsuvarda. Azərbaycana hər dəfə gələndə mütləq Biləsuvara gedir, qohumları, atamın qəbrini ziyarət edirəm. Rayonda olarkən uşaqlıq, gənclik xatirələrim gözümün önündən keçir. Atalı günlərimi xatırlayıram. Çünki atamı çox gənc yaşlarında itirmişəm. Bir tələbə üçün gənc yaşlarında atasını itirmək nə dərəcədə ağır, faciəlidir, onu mən yaşamışam. Həmin hadisədən sonra bir neçə ay özümü toparlaya bilmədim.

-Sirr deyilsə, bilmək olar?

-Əlbəttə. Atam anidən aldığı acı bir xəbərdən dolayı infarkt keçirdi. Haıbuki heç vaxt ürəyindən şikayəti olmamışdı. Həmişəki kimi həyətdə əyləşmək üçün düzəltdiyimiz taxtın üzərində oturmuşdu. Anidən radioda acı bir xəbər eşitdi və qəfil halı pisləşdi. O zaman mobil telefonlar o qədər də geniş yayılmamışdı və ev telefonu ilə təcili yardım çağırdıq. Adətən rayon yerində o vaxt təcili yardım maşınları ünvana gec gəlib çatırdı. Həm də bizim evimiz yaşadığımız küçədə 3 dalan sonra yerləşirdi. Həmin an özümü itirdiyimdən həyətdə avtomobil olduğu halda qaça-qaça təcili yardım maşınını qarşılamağa getdim. Təcili yardım maşınını küçənin girişində görəndə ümid etdim ki, atamı xilas edə biləcəklər. Maşındakı həkim, “Oğlum gəl əyləş, birlikdə gedək” desə də mən özümü itirdiyimdən “Siz gedin, mən atamın yanına tələsirəm” deyərək maşının önündə ona yol göstərərək qaçmağa başladım. Təəssüflər olsun ki, həkimlər atamı xilas edə bilmədi. Onda sanki mənim dünyam qaraldı, hər şey alt-üst oldu.

-Siz iqtisadi sahədə fəaliyyətinizlə daha çox diqqət çəkirsiniz. Bəs digər sahələrdə, məsələn siyasətdə özünüzü sınamağa cəhd etmisinizmi?

-Mən uzun illər təhsil sektrunda da çalışmışam. Hətta bir neçə il Elm və Təhsil Nazirliyində işləmişəm. Hazıda da Daşkənd Kimya və Texnologiya İnstitutunda rektor müşaviri kimi çalışıram. Siyasətə gəldikdəm isə, bu sahəyə baş vurmaq istəmirəm. Mən siyasətdən kənar biriyəm. Ancaq gələcəkdə hansısa formada siyasi proseslərdə də iştirak da edə bilərəm.

-Belə çıxır ki, marağınız və niyyətiniz var

-Deməzdim. Çünki özümdə elə bir potensialı hiss etmirəm. Hər kəs gərək bacardığı işlə məşğul olsun. Gələcəkdə özümdə həmin potensialı hiss etsəm hansısa məqamda parament seçkilərində namizədliyimi irəli sürə bilərəm.

-Bəs, idmanla necə? Hansısa idman növü ilə məşğul olursunuz?

-Artıq çəki idmanla məşğul olmağa imkan vermir. (gülərək bir neçə saniyəlik söhbətə ara verir). Ancaq futbola böyük marağım var. Demək olar ki, futbol xobbimdir. Xüsusilə, “Qarabağ”ın oyunlarını davamlı olaraq izləyirəm.

-Əgər futbola marağınız varsa, o halda bu sahənin inkişafına nə üçün dəstək vermirsiniz?

-Əslində bu mənim ən ümdə arzularımdan biridir. Onu da deyim ki, bir müddət əvvəl ölkə komandalarından birinə sponsorluq etmək təklif olundu. Düzdür, çox istəyirəm, ancaq işimlə bağlı onu bacara bilməyəcəyimi düşünüb həmin təklifi geri çevirdim. Əgər onu etsəydim, o zaman gərək başqa heç bir işlə məşğul olmazdım. Başladığım işi yarıda buraxardım. Ancaq hesab edirəm ki, indiki durumda mən daha çox elə iqtisadi sahədə, iş adamları arasında əlaqələrin qurulub qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinə dəstək olmaq üçün lazımam.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş