Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Rusiya -Ukrayna üçbucağında hərbi-siyasi vəziyyət mürəkkəbləşməyə doğru gedir

Türkiyə-Rusiya -Ukrayna üçbucağında  hərbi-siyasi vəziyyət mürəkkəbləşməyə doğru gedir


Hazırda Qara dəniz hövzəsində, daha dəqiq qeyd edərsək Türkiyə-Rusiya - Ukrayna üçbucağında hərbi-siyasi vəziyyət mürəkkəbləşməyə doğru gedir. Proseslərə zamanlama nöqteyi-nəzərdən baxdıqda zəncirvari bağlılığın olduğunun şahidi oluruq. Yəni, USQ Türkiyə sularında Rusiyanın kölgə donanmasına hücum edir, Ankara məsələyə məhz Kremlin gözlədiyi reaksiyanı vermir, ardınca Rusiya ordusu Ukrayna sularında Türkiyəyə məxsus gəmini hədəf alır və paralel olaraq Türkiyə ərazisinə dron müdaxilələri edilir. Bunlar vəziyyətin mürəkkəbə doğru getdiyinin göstəricisi olmaqla yanaşı, Moskvanın qardaş ölkəyə gözdağı vermək cəhdi kimi də qiymətləndirə bilərik.

Təbii ki, hazırda Ankara - Kreml xəttində yaşanan gərginlik təkcə qeyd etdiyim məsələlərlə məhdudlaşmır. Niyyətlər müxtəlifdir. Hesab edirəm ki, son dövrlər Türkiyə və Birləşmiş Ştatlar arasında F 35-S 400 məsələlərinin aktuallaşması, öz növbəsində Ankaranın məlum sistemləri Rusiyaya qaytarıb əvəzində yenidən F 35 proqramına qayıtmaq istəməsi və yaxud pulunu ödədiyi təyyarələri almaq cəhdləri Rusiyanı hiddətləndirən məqamlardır. Düzdür Rusiyanın hərbi əməliyyatlardan dolayı HHM sistemlərinə ciddi ehtiyacı var və USQ - nin hücumları fonunda hava məkanında yaşanan boşluqların doldurulması zərurətdir. Lakin S 400 bir hərbi məsələdən daha çox siyasi məsələdir.

Türkiyə vaxtilə böyük ölçüdə müstəqil aktor olduğunu təsdiq etmək üçün Rusiyadan bu sistemləri əldə etdi. Hər kəs bilir ki, bir müdafiə sistemi tək başına tam şəkildə müdafiəni təmin edə bilməz. Digər tərəfdən NATO üzvü dövlət üçün bu tip alımlar standartlarda uyğunsuzluq yaradır. Ancaq dövrün tələbləri və şərtləri bunu diqtə edirdi və qardaş ölkə bu məsələdə müstəqil, eyni zamanda qətiyyətli mövqe nümayiş etdirmişdi. İndi isə Türkiyənin silah sənayesi mən deyərdim S 400- dən daha keyfiyyətli HHM sistemlərinin istehsalını reallaşdırır. Düzdür hələlik onun vuruş mənzilinə çatmayıblar. Lakin keyfiyyət olaraq çox daha üstün sistemlər istehsal edilir və silahlanmaya qəbul olunur. Və Türkiyə köhnələn təyyarə parkını mütləq şəkildə yeniləməlidir. Ən azından İsrail və Yunanıstan qarşısında balansı saxlamaq üçün.

Bütün hallarda, Ankaranın Ukrayna mövzusunda Kiyevin mövqeyini müdafiə edən ritorikası və digər bu tip analoji situasiyalar, yekunda Ankara - Moskva xəttində qırılmalara şərait yaradır.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş