
"İranda 28 dekabr 2025-ci ildə həyat bahalılığına etiraz olaraq başlayan etiraz aksiyaları zamanı ölənlərin sayının artıq 544 nəfərə çatdığı bildirilir. Görünən budur ki, azğınlaşan mollalar öz siyasi maraqları naminə hər cür zorakılıq etməyə hazırdırlar. Ancaq zorakılıq çıxış yolu deyil. Hər kəsə aydındır ki, mollakratiyanın idarəçiliyi artıq tamamilə iflasa uğramaqdadır. Lakin fars-molla rejiminin başçıları isə bu həqiqəti qəbul etmək istəmirlər".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, bu gün İranın müxtəlif şəhərlərində hakimiyyətə "dəstək" yürüşlərinin keçirilməsi də elə həqiqətlə barışmamağın təzahürüdür:
"Belə ki, Tehran, Kerman, Rəşt, Zahedan, Həmədan və əsas etibarilə farsların çoxluq təşkil etdiyi bir sıra digər şəhərlərdə "sakinlərin hakimiyyəti dəstəkləməsi" adı altında aksiyalar təşkil olunub, molla rejiminin tərəfdarları rəsmi qurumların göstərişi ilə küçələrə çıxaraq Xamenei rejiminə dəstək şüarları səsləndiriblər. Bundan başqa, İranda ABŞ və İsrailə qarşı “milli müqavimətdə həlak olanlar” üçün ölkə üzrə 3 günlük matəm elan edildiyi bildirilib".
Komitə sədrinin sözlərinə görə, bütün bu addımlar sözsüz ki, rejimin xilası üçün hədəflənib:
"Lakin hökumətyönümlü nümayişlərin keçirilməsi, matəm elan edilməsi müvəqqəti xarakterli və səmərəliliyi cüzi səviyyədə olan situativ addımlardır. Molla rejiminin tədbirləri suda boğulan adamın saman çöpündən yapışması kimi bir şeydir. Hökumətə dəstək nümayişlərinin keçirilməsi mollaları xilas edə bilməz. Çünki Xamenei hökuməti dinc etirazçıların tələblərini dinləməyə və ölkə daxilindəki bütün tərəflərlə açıq dialoqa hazır deyil. İranın qeyri-fars mənşəli xalqları, o cümlədən Güney azərbaycanlılar Pəhləvilərin panfarsçı siyasətini davam etdirən molla rejiminin repressiv siyasətindən yorulublar".
Süleyman












































