
David Seliverstov: "Hakimiyyət öz xalqına qarşı zorakılığa əl atdığı anda, artıq suveren iradənin daşıyıcısı olmaqdan çıxır"
Son günlər İranda baş verən hadisələr dünyanın əsas diqqət mərkəzinə çevrilib. Xüsusilə, rejimin dinc əhaliyə qarşı silah işlətməsi, yüzlərlə insanı qətlə yetirməsi dünyada böyük əks-səda doğurub. Biz də İranda baş verən hadisələrlə bağlı Magen David Azərbaycan insan hüquqlarımüdafiə mərkəzinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstovla söhbətləşdik.
-Sizcə bu gün İranda nə baş verir və bu baş verənləri necə qiymətləndirmək olar?
-Tarix göstərir ki, heç bir dövlət öz vətəndaşlarına qarşı zorakılığı idarəetmə vasitəsinə çevirdiyi halda, öz taleyini müstəqil və sağlam şəkildə müəyyən edə bilməz. Bir ölkənin taleyi dinc insanların qanı üzərində qurula bilməz. Dövlətin gələcəyi güllə ilə deyil, mənəvi seçimlə, insan ləyaqətinə hörmətlə formalaşır.
Hakimiyyət öz xalqına qarşı zorakılığa əl atdığı anda, artıq suveren iradənin daşıyıcısı olmaqdan çıxır və öz repressiv qərarlarının girovuna çevrilir. Bu mərhələdə ölkənin taleyi yalnız onun öz daxili işi olmur — məsələ beynəlxalq vicdanın, tarixi məsuliyyətin və ümumbəşəri dəyərlərin müstəvisinə keçir.
-Bu gün İranda yaşananlar sadəcə daxili siyasi prosesdirmi, yoxsa daha dərin bir mənəvi və tarixi sınağın təzahürüdür?
-Biz birmənalı və prinsipial mövqedən çıxış edirik: günahsız insanların öldürülməsi nə siyasi sabitlik, nə ideologiya, nə də “dövlət zərurəti” adı altında əsaslandırıla bilməz. Əksinə, dinc vətəndaşlara qarşı zorakılıq hakimiyyətin legitimliyini sarsıdır və dövlətçiliyin mənəvi əsaslarını dağıdır.
Bu baxımdan biz İran İslam Respublikası hakimiyyətinin dinc etirazları zorakılıqla boğmasını, günahsız insanların öldürülməsini və vətəndaşlara qarşı tətbiq edilən istənilən növ fiziki və psixoloji təzyiqi qətiyyətlə və açıq şəkildə pisləyirik. Dinc insan dövlətin düşməni deyil. Vətəndaş hədəf deyil. Etiraz isə cinayət yox, cəmiyyətin öz sözünü demək hüququdur.
Əgər bir dövlət öz xalqının həyatını qoruya bilmirsə və özü təhlükə mənbəyinə çevrilirsə, o zaman taleyini təkbaşına müəyyən etmək üçün mənəvi haqqını itirir. Belə anlarda siyasət deyil, tarixin vicdanı danışmağa başlayır. Xalqların taleyi əmrlərlə həll olunmur.
Onlar həyatla zorakılıq arasında edilən seçimlə müəyyən olunur.
Süleyman İsmayılbəyli










































