
"4 erməni millətindən olan məhkumun Ermənistana təhvil verilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmadı, baxışlar haçalandı. Bu addımın dövlətimizin maraqlarına xidmət etdiyini düşünən çoxluqla eyni düşüncədəyəm".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş ermənilərin sayı 4 nəfərlə məhdudlaşsaydı belə bir qərarın icra olunmasına qəbullanmaq mənim üçün də mənəvi cəhətdən ağır olardı:
"Ancaq nəzərə alsaq ki, xalqımıza qarşı 30 ildən artıq davam etmiş erməni terrorunda və vəhşiliyində bu xalqın on minlərlə nümayəndəsi iştirak edib, o zaman bir neçə nəfər hərbi cinayətkarın Bakıda, həbsxanada cəza çəkməsi ümumi mənzərədə nəyi dəyişir ki? Ermənilərə qarşı ən böyük cəzanı Ali Baş Komandan İlham Əliyev öz ordusu ilə 2020 və 2023-cü illərdə vermişdir. Biz tökülən qanımızın əbəs olmadığını torpaqlarımızı bütövləşdirməklə, ölkəni erminisizləşdirməklə vermişik. Ancaq ermənilər nə üçün və nəyin naminə öldüklərinə dair sualı özlərinə zaman keçdikcə daha çox verəcəklər. Bu məsələnin mənəvi və emosional tərəfi".
Elçin Ağamalı onu da qeyd edib ki, məhkumların dəyişdirilməsinin siyasi və dövlət maraqları tərəfinə gəldikdə isə bu fakt proseslərin ümumi axarında müsbət rol oynayacaqdır:
"30 ildən artıq davam etmiş hərbi qarşıdurmadan sonra sülh yaratmaq, əməkdaşlıq etmək psixoloji cəhətdən çətindir, ancaq həyata keçirilməsi vacibdir. Dayanıqlı sülhün əldə olunması, qarşılıqlı etimadın yaranması üçün ilkin olaraq qarşılıqlı güzəştlərə gedilməli və xoş məramlı addımlar atılmalıdır.
Ermənistan dövlət və xalq olaraq hər zaman özünə dayaq (tərəfdaş və müttəfiq yox) axtarışında olub və bundan sonra da olacaqdır. Yaranmış fürsətdən istifadə edərək Azərbaycan təhlükəsizlik, enerji, nəqliyyat və s. məsələlərdə Erməmistana dayaq ola biləcək dövlətə çevrilə bilər və çevrilməlidir. Əgər bunu biz etməsək Rusiyanın regionda zəifləməsi ilə Ermənistanda yaranmış bu boşluğu hər hansı bir başqa dövlət doldurmağa cəhd edəcəkdir. Bu isə revanşist və millətçi qüvvələrin fəaliyyət imkanlarının genişlənməsi deməkdir".
Onun sözlərinə görə, hər bir regional gücə malik olan dövlət qonşu ölkələrdə özünə loyal hökumətlərin formalaşmasında maraqlıdır:
"Bu hər zaman belə olub və bundan sonra da belə olacaqdır. Paşınyan hökumətinin Ermənistandakı mövcud siyasi qüvvələr içərisində Azərbaycan üçün ən məqbul siyasi qüvvə olması düşünürəm ki, heç kimə sirr deyil. Belə bir siyasi qüvvənin hakimiyyətdə qalması və bu il keçiriləcək parlament seçkilərində yenidən uğur qazanması dövlətimizin maraqlarına xidmət edir. Məhz bu baxımdan Azərbaycan dolayı yollarla olsa da mövcud Ermənistan hökumətinin seçkilərdə qələbə qazanması üçün nüfuzunun artmasına xidmət edəcək bütün addımları atmalıdır.
Nəhayət, Azərbaycanda heç kim ölkəsini cənab İlham Əliyevdən artıq sevdiyini iddia edə bilməz. Cənab Prezident bu sevgini əməlləri ilə artıqlaması ilə sübut etmişdir".
Süleyman










































