
Qəzzanın dağıntılardan təmizlənməsi 7 ildən çox çəkə bilər.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Xorxe Moreyra da Silva deyib. Onun sözlərinə görə, Qəzzada 60 milyon tondan çox dağıntı qalıqları var:
“Bu, təxminən 3000 konteyner gəmisinin tutumuna bərabərdir. Bu gün Qəzzada orta hesabla hər bir insan 30 ton dağıntı ilə əhatə olunub".
Silva Qəzzada gördüklərinə əsasən belə qənaətə gəldiyini deyib:
"Mən humanitar böhranın dərinləşdiyi Qəzzadan təzə qayıtdım. İnsanlar yorğun, travma almış və çarəsizdirlər", - deyə Silva davam edən sərt qış şəraitinin və güclü yağışların insanların əzabını və ümidsizliyini ikiqat artırdığını vurğulayıb.
Silva deyib ki, İsrail hücumları nəticəsində viran qalan bölgədə 2 milyon insanın təcili olaraq təhlükəsiz sığınacaq, yanacaq və dağıntıların təmizlənməsinə ehtiyacı var.
Silva Qəzza və Qərb Şəriyə də daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində erkən bərpa və yenidənqurma üçün təxminən 53,2 milyard dollara ehtiyac olduğunu bildirib və bunun 20 milyard dollarının ilk üç ildə təcili olaraq lazım olduğunu vurğulayıb.
Anar












































